EN

Donald Tramp Rusiyaya qarşı sanksiyaları dayandıracaq? - AÇIQLAMA

ABŞ-nin yeni Prezidenti Donald Trampla bağlı sürpriz bir iddia yayılıb. 

Belə ki, onun vəzifəsinə başlamasının ardından Rusiyaya tətbiq olunan sanksiyaların ciddi mənada yumşaldılacağı və hətta ləğv olunacağı iddia olunur. 

Bəs bu iddialar nə dərəcə realdır? Donald Tramp həqiqətən Rusiyaya qarşı sanksiyaları dayandıracaq? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Rusiya qarşı sanksiyalar təkcə ABŞ tərəfindən deyil, həm də Avropa İttifaqı tərəfindən tətbiq olunur:

"Ona görə də sadəcə ABŞ-nin Rusiyaya qarşı sanksiyaları ləğv etməsi yetərli deyil. Üstəlik, hər şey Rusiya-Ukrayna müharibəsində Moskvanın tutacağı mövqedən asılı olacaq. Donald Tramp seçkilərdən əvvəl Rusiya-Ukrayna müharibəsini dayandıracağını və Rusiyaya qarşı loyal siyasət aparacağı ilə bağlı vədlər verib. Lakin ABŞ-nin özünün oturuşmuş siyasəti var".

362516

Ekspert qeyd edib ki, bu siyasətin də həyata keçməsində kimin hakimiyyətdə olmasının elə bir əhəmiyyəti yoxdur:

"Sadəcə olaraq demokratlarla respublikaçılar ABŞ-nin maraqlarını təmin etmək üçün fərqli yanaşmalar otaya qoya bilərlər. Amma məqsəd eynidir.

Co Bayden hakimiyyəti dövründə ABŞ-nin məqsədi Rusiyanı iqtisadi cəhətdən çökdürmək və hərbi cəhətdən tükəndirmək idi. Buna isə böyük ölçüdə nail olunub. Əslində, indiki vəziyyət də müharibəni dayandırmaq üçün Trampa Rusiyaya təzyiq imkanları verəcək".

Politoloq hesab edir ki, Kreml Vaşinqtonun şərtləri daxilində müharibənin dayandırılması ilə bağlı konkret addımlar atacaqsa, o zaman Tramp administrasiyası da müvafiq olaraq sanksiyaların yumşaldılması istiqamətində müəyyən addımlar ata bilər:

"Lakin Rusiya Trampın təkliflərinə etinasızlıq nümayiş etdirsə, sanksiyalar qüvvədə qalacaq. Üstəlik, Tramp hakimiyyəti dövründə də Rusiyaya kifayət qədər sanksiya tətbiq edilmişdi. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra isə sanksiyaların sayı da xeyli artdı. Təbii ki, hər şey Rusiyanın Trampın təkliflərinə nə cavab verəcəyindən asılı olacaq".

Pərviz

Chosen
30
hit.az

1Sources