EN

COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi

Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi müasir Azərbaycan tarixində əlamətdar hadisə oldu. Bu, Azərbaycana, onun liderinə olan inam və etimadın bariz nümunəsi idi. Azərbaycan qısa zamanda, təxminən 11 ay ərzində bütün dünya dövlətlərinin təmsilçilərinin toplaşacağı və ən yüksək səviyyədə xidmət formalaşdıracaq infrastruktur yaratmağı bacardı. Sözsüz ki, bu Azərbaycan dövlətinin gücü, imkanları və iradəsi hesabına mümkün oldu.

Bu sözləri Teleqraf.com-a Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçıları salamladı: "Cənab Prezident Azərbaycana gəlmiş qonaqları salamlayaraq ölkəmizin enerji siyasətindən, yaşıl enerji strategiyasından, zəngin karbohidrogen ehtiyyatlarından danışdı. Eyni zamanda Azərbaycanın bu gün qlobal miqyasda alternativ enerji mənbələrinin yaradılması, təşviq edilməsi istiqamətində qarşıya qoymuş olduğu məqsədlərə toxunuldu.

Ekoloji mühitin yaxşılaşdırılması, qlobal təhdidlərə qarşı Azərbaycanın ortaya qoymuş olduğu mövqeyin dünya dövlətləri tərəfindən təqdir edildiyi vurğulandı.

Fakt bu gün COP29-da bütün dünya ölkələrinin təmsilçiləri iştirak edib. Sözsüz, belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi olduqca önəmlidir. Azərbaycan bununla bir daha nümayiş etdirdi ki, o, qlobal problemlərin həllinə biganə yanaşmır. 120 ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə də Azərbaycan dünya xalqlarını maraqlandıran məsələləri daim gündəmdə saxlayıb”.

Komitə sədri bildirib ki, bütün dünya xalqları bir gəminin sərnişinləridir: “Ona görə də, bu planetin gələcəyi hamı üçün maraqlı olmalıdır. Hansısa ölkədə baş verən təbii fəlakət və digər ekoloji hadisələr, müharibələr planetin ümumi ekoloji vəziyyətinə təsir edir. Hazırda qarşıda duran əsas vəzifə temperaturun 1,5 artım dərəcəsində saxlanılması məsələsidir. Bu baxımdan iqlim dəyişikliyinə qarşı ümumi mübarizə eyni zamanda insan sağlamlığı deməkdir. Bu, təkcə karbon emissiyasının qarşısının alınması deyil. COP29 çərçivəsində təşkil edilən panel müzakirələrin birində buzlaqların əriməsindən və onun yaradacağı fəsadlardan bəhs edildi. Belə bir hadisə olsa milyon illər donub qalmış viruslar okeanlar, dənizlər vasitəsi ilə böyük fəlakətlərə səbəb ola bilər”.

Millət vəkili COP29-un Azərbaycanda keçirilməsinə qarşı çıxan bəzi qüvvələrin iddialarına da münasibət bildirib: “Bu qüvvələr belə bir mövqe sərgiləməklə heç nə qazanmadılar. Bu cür yanaşma ilə həmin qüvvələr və ölkələr bir daha göstərdilər ki, planetin gələcəyi onlar üçün o qədər də maraqlı deyil. Fransa, Niderland və erməni lobbisinin təsir altında olan ölkələr, təşkilatlar və şəxslər üçün öz maraqları əsasdır. Onlar müstəmləkləri sovurmaq, kiçik ada dövlətlərini istismar etməklə özlərinin maraqlarını təmin edir.

Azərbaycan Prezidenti də çıxışında kiçik ada dövlətlərinin taleyi ilə bağlı məsələlərdən danışdı. Bu gün Fransanın əsarətində olan ölkələrdə nüvə silahlarının və digər dağıdıcı hərbi vasitələrin sınaqları keçirilir. Beləliklə, ətraf mühit tamamilə zəhərlənir. Bu azmış kimi Fransa COP29 öncəsi bəzi dövlətlərə təzyiq edir ki, Azərbaycanda keçirilən tədbirlərə qatılmasın. BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransanın BMT-nin tədbirini boykot etməsi heç bir məntiqlə izah oluna bilməz. Amma əsas odur ki, Makron Fransasının bu çağırışı fiaskoya uğradı. Bunun əvəzində planeti sevən dövlətlərin liderləri və təmsilçiləri Azərbaycana gəldi”.

Ziyafət Əsgərova görə, bu gün dünyada karbon emissiyasının 80 faizi G20-yə daxil olan ölkələrin payına düşür: “Amma ekoloji mühitlə bağlı çağırışlar edildikdə buna biganə yanaşırlar. Azərbaycanın neft ölkəsi kimi ekoloji tədbirə ev sahibliyi etməsinə qarşı da qarayaxma kampaniyası aparılır. Bundan öncə də COP tədbirləri neft ölkələrində keçirilib. Sadəcə olaraq Azərbaycan müstəqil ölkə kimi onların dediyi ilə oturub-durmadığına görə, ölkəmizi hədəfə alırlar.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası ölkəmizi neft dövləti adlandırır. Azərbaycandan 10 dəfə artıq neft hasil edənlərrin bu yanaşması təbii ki, açıq riyakarlıqdır. Çünki Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir.

Bütün bunlara baxmayaraq Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra ölkəmizə qarşı əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasını başladıldı. Sözsüz ki, hər zaman özünün bildiyi düzgün yolla inkişaf edən və planetin gələcəyinə biganə qalmayan Azərbaycan COP29-a ev sahibliyi etməklə və bu tədbirləri ən yüksək səviyyədə təşkilinə nail olmaqla yeni bir yol, səhifə açmış oldu”.


Müəllif: Tapdıq Qurbanlı
Chosen
86
31
teleqraf.com

10Sources