EN

Üç ayaqlı, üç gözlü adamlar – Qüsurlu insanların sirk həyatı

İşbazlar çox vaxt şəxsi mənafelərini bəşəri dəyərlərdən üstün tuturdular. Külli miqdarda qazanc əldə etmək üçün atılan bu addımların mərkəzində isə qüsurlu insanlar dayanırdı.Bəşəriyyətin indiki kimi tolerant olmadığı dövrlərdə anadangəlmə qüsurlu adamlar sirklərdə, böyük səhnələrdə vəhşi heyvanlar kimi göstərilir və onların hesabına xeyli vəsait əldə olunurdu. Böyük səhnələrə qazanc mənbəyi kimi çıxarılan qüsurluların əksəriyyəti isə məhşurlaşaraq dünya şöhrəti qazandılar.

Üç ayaqlı adam

Françesko Lentini 1881-ci ildə Siciliyada anadan olmuşdu. Əkiztayından miras qalan və tam formalaşmayan üçüncü ayağı ona “şöhrət” gətirmişdi. Onun anadangəlmə qüsuru Lentinin üçüncü ayağına tamaşa etməyə gələnlərin sayını artırırdı. Qüsurlu adam az qala sirk ulduzuna çevrildi. İplə tullanma və topla hərəkətlərini daha mükəmməl yerinə yetirirdi.

Aslan Adam

1891-ci ildə anadan olmuş Stefan Bibrovski praktiki olaraq yaşıdlarından heç nə ilə fərqlənmirdi. O, yalnız hipertrikozdan əziyyət çəkirdi. Bu, bədənin intensiv tüklənməsi xəstəliyidir. “Heyvan görünüşünə” baxmayaraq, Stefan mehriban və qayğıkeş insan idi. Tüklü adam nə az, nə çox düz 5 dil bilirdi.

Skelet Adam

Isaak Sprague hamı kimi normal doğulmuşdu. Amma 12 yaşında xəstələndi və həkimlər onun hansı xəstəlikdən əziyyət çəkdiyini müəyyən edə bilmədilər. Bundan sonra o, sürətlə arıqlamağa başladı. Yetkinlik yaşına çatanda cəmi 20 kq ağırlığında idi. Sonradan “sklet adam” məşhur şoumen Barnumayla birlikdə səhnəyə çıxdı.

Dəvə qız

Ella Harper dizlərinin yanlış istiqamətə dönməsinə səbəb olan qeyri-adi ortopedik anomaliya ilə doğulmuşdu.1880-ci ildə artıq o, sirk arenalarında ulduza çevrilmişdi. Onu bura zorla gətirən təşkilatçılardan canını güclə qurtara bildi və Tennessi ştatında bir müəllimə ərə getdi.

Siam əkizləri

Chang və Eng Bunker dünyanın ən məşhur siam əkizləri idilər. Gənclik illərində sirkdə çıxış etməklə xeyli pul qazandılar. Avropa və Amerikanı gəzdilər. Ancaq sonra qardaşlar səhnəni tərk etdilər. Şimali Karolinada plantasiya aldılar. Böyük bizneslə məşğul olan siam əkizləri iki bacı ilə evləndilər. Onlar 21 uşaq atası oldular.

Fil Adam

Cozef Merrikin bədən quruluşu naməlum xəstəlik səbəbindən pozulmağa başladı. Bu xəstəlik ömrünün sonunacan ondan əl çəkmədi. 8 Oskar mükafatı alan “Fil adam” filmi məhz onun çətin həyatına həsr olunub.

Tırtıl Adam

Sənətçinin əsl adı məlum olmasa da, o, səhnəyə “Şahzadə Randian” adı ilə çıxıb. Onun eybəcərliyinə anadangəlmə tetra-amelia sindromu səbəb olub. Bu sindrom insanda ətrafların inkişafına mane olur. Onun səhnədə ilan kimi sürünməsini minlərlə adam izləyib və bu hərəkətlər ona böyük uğur gətirib.

Pincushion Man

Martin Dajo heyrətamiz qabiliyyəti sayəsində dünya şöhrəti qazanmışdı. O, bədənini iti əşyalarla zədələmədən deşməklə məhşurlaşdı. Bir qayda olaraq, rəssam öz çıxışlarında qılıncdan istifadə etsə də, bəzən karandaşlar və vintlər onun rekvizitinə çevrilirdi. Həkimlər Martini tədqiq etdilər və hətta bədənindən çıxan qılıncın rentgen şüalarını da çəkdilər. Lakin onlar heç vaxt sancaqlı adamın sirrini aça bilmədilər.

Rezin üz

James Morris isə fərqli xəstəlikdən əziyyət çəkib. O, düçar olduğu xəstəlik səbəbindən dərisini dartıb uzadırdı. Ehlers-Danlos sindromu adlanan bu xəstəlik onu az müddətə məşhur etmişdi. Dərisi o qədər elastik idi ki, dərini boynundan göz səviyyəsinə qədər çəkə bilirdi. Belə bir hiylə sirkdəkiləri də heyrətləndirirdi və Morris xeyli pul qazanırdı.

Crab Man

Qreydi Stiles əlləri və ayaqları deformasiyaya uğraması ilə məşhurlaşan məşhur şoumen idi. O, ektrodaktiliya kimi tanınan anadangəlmə deformasiyadan əziyyət çəkirdi və buna görə də əlləri xərçəngin pəncələrinə bənzəyirdi. Şöhrətinə baxmayaraq, Stiles qəzəbli idi. O, spirtli içki aludəçisinə çevrildi və 1978-ci ildə qızının nişanlısını toydan əvvəl öldürdü.

Qatır adam

Qreys MakDaniels Sturge-Veber sindromu ilə eybəcərləşib. Həkimlər bu xəstəliyi genetik hesab edirlər. Sturge-Veber sindromu onun üzündə sifət cizgilərini dəyişən nəhəng ləkə yaratmışdı. Buna baxmayaraq şoulara dəvət olunurdu. Amma o, işinə nifrət edirdi, çünki şouda onu “dünyanın ən çirkin qadını” kimi təqdim edirdilər. Nəhəng və vahiməli görünüşünə baxmayaraq, dostları və ailəsi onun mehriban, utancaq insan olduğunu deyirdilər.

Üç Gözlü Adam

Bill Derks əslində üç gözlü doğulmamışdı. Lakin anadangəlmə qüsur səbəbindən üzünün formalaşmasında problem yaranmışdı və üzünün ortasında böyük girinti əmələ gəlmişdi. O, sirkdə uğurla çıxış edib və sonra “Alliqator Qadın” ilə evlənmişdi.

Saqqallı xanım

Anni Cons hirsutizmidən əziyyət çəkən ən məşhur qadın idi. Bu xəstəlik onda anadngəlmə idi. Anninin “qastrol həyatı” 9 aylığından başladı. Onu sirkdə üzü tüklü qız kimi təqdim edirdilər. Yetkinlik yaşına qədər sirkdəkilərin qazanc mənbəyi oldu. Böyüyəndə qüsurlu insanlardan əyləncə kimi isitifadə edilməsinə qarşı kampaniya apardı. Qüsurlu insanların hüquqlarını müdafiə etdi.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
32
konkret.az

1Sources