EN

Türkiyə Azərbaycanın COP29 uğurunu ortaq sevinclə qarşılayır

İqlim dəyişmələri uzun müddətdir ki, bütün dünyanı narahat edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin məhz Bakıda keçirilməsi tarixi əhəmiyyəti olan hadisədir. Hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyə bu tədbirdə də ölkəmizə dəstək verməkdədir. Araşdırmaçı–yazar doktor Sərdar Kozan COP29 Bakı sammiti ilə bağlı XQ-yə açıqlamasında bu barədə ətraflı danışdı.

– Sərdar bəy, bu gün dünyanı ekoloji fəlakət gözləyir. Onun ağır fəsadlarının qarşısını almaq mümkündürmü?

– Əlbəttə, hər şey insanın öz əlindədir, təbiətə vurduğu zərəri də geri yerinə qoymaq onun borcudur. COP tədbirləri də qlobal səviyyədə bəşəriyyəti gözləyən fəlakətlərdən xilas etmək naminə BMT miqyasında həyata keçirilən təşəbbüsdür. Bu tədbirlər çərçivəsində çıxış yolları aranmaqdadır. Öncə dünya ölkələri iqlim dəyişmələrinin vurduğu və vura biləcəyi zərərləri müzakirə etməlidirlər. Hər bir dünya dövləti mühüm qərarlar qəbul etməlidir. Məncə, bu işdə böyük dövlətlərin üzərinə daha çox iş düşür. Çünki “yaşıl dünya” hədəfinə nail olmaq üçün maliyyə lazımdır. Bakı tədbirində ana mövzunun bu olacağı nəzərdə tutulmuşdur.

– Bu beynəlxalq tədbirin Bakıda keçirilməsini necə dəyərləndirirsiniz?

– Azərbaycan son illər ciddi bir dünya dövləti olduğunu ortaya qoydu. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev bir çıxışında dediyi kimi, daxili və xarici sahələrdə əldə edilən uğurlar nəticəsində ölkə böyük etibar qazanmışdır və ona etimad yüksəkdir.

Burada mən Azərbaycanın Qarabağ zəfərini xüsusi qeyd etmək istərdim. Erməni tərəfdarları olan bəzi ölkələr bu qələbəni həzm etməsələr də, Azərbaycan postsovet məkanında sözü və əməli eyni olan dövlət kimi dünya miqyasında ciddiyə alınır. COP29 tədbirləri də bunun əyani göstəricidir.

–Türkiyə COP29-da ən yüksək səviyyədə iştirak edir. Gözləntiləriniz nələrdir?

–Prezident Rəcəb Tayyib Ərdoğanın bu sammitdə iştirakı öncə ev sahibi Azərbaycana dəstək mənasındadır. Bəzi dövlətlərə buradan mesaj verildi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. BMT-nin COP29 Konfransının Dövlət və Hökumət Başçılarının Yüksək Səviyyəli Sessiyasındakı çıxışına Azərbaycan Prezidenti İlham Əliyevi sammitə evsahibliyi etdiyinə görə təbrik etməklə başlayan Prezident Ərdoğan Türkiyənin iqlim böhranının mənfi təsirlərinin ən çox hiss olunduğu ölkələr arasında olduğuna diqqət çəkərək demişdir: “2024–2030-cu illəri əhatə edən iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma strategiyası fəaliyyət planlarımızı həyata keçirdik. Biz ümumi quraşdırılmış enerjidə bərpaolunan enerjinin payını 59 faizə çatdırdıq. Bu göstərici ilə biz Avropada 5-ci, dünyada isə 11-ci yerdəyik. 2053-cü il üçün xalis sıfır emissiya hədəflərimiz üçün prioritetlərimiz bunlardır: bərpaolunan enerji, enerji səmərəliliyi və nüvə enerjisi.

Bunların həyata keçirilməsi Türkiyənin əsas sektorlarının bu istiqamətdə transformasiya edilməsi deməkdir. Türkiyə 2053-cü il üçün xalis sıfır emissiyaya və “yaşıl” inkişafa nail olmaq proqmamına start verib. Yaxın vaxtlarda İqlim Qanunu TBMM-ə təqdim ediləcək. Türkiyədə Ətraf Mühit, Şəhərçilik və İqlim Dəyişikliyi Nazirliyi bir sıra tədbirləri uğurla həyata keçirir. İqlim dəyişikliyi ilə bağlı ayrıca qurumun yaradılması və fəaliyyət göstərməsi də bu işin ciddiliyinə necə böyük əhəmiyyət verildiyini göstərir.

–Sərdar xoca, Ermənistan dəvət edilsə də, bu sammitdə iştirak etmədi. Bu hansı anlama gəlir?

–Ermənistan bu tədbirə siyasi olaraq baxdı, izləyirdim ki, onlar buraya qatılacaqları durumda belə hansısa qərəzli niyyəti həyata keçirmək istədilər. Öncə iştirak etmək, yoxsa etməmək kimi seçim qarşısında qaldılar. Qarabağda cinayət törətmiş və mühakimə olunan separatçıların azad edilməsi kimi sərsəm şərtlər səsləndirirdilər. Azərbaycanla sülh danışıqlarında müəyyən dividentlər əldə etmək istədilər. Təbii ki, COP29 həmin məsələlərin müzakirə ediləcəyi məkan deyildi. Əslində, Ermənistanın bu tədbirdə iştirak etməməsi onların özlərinin zərərinə işlədi. Dünya gördü ki, sülh danışıqlarını manipulyasiya edən ölkə kimdir. Sülh sazişini COP-la əlaqələndirmək yanlış bir siyasət idi.

Söhbəti yazdı:
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Chosen
71
xalqqazeti.az

1Sources