EN

Bu sahəyə 3300 manatlıq əkin subsidiyası ayrılacaq

Fins.az -  Azərbaycanda yeni salınan intensiv qoz bağlarına dair dövlət dəstəyi mexanizmləri genişlənəcək.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu təşəbbüs ölkədə intensiv qoz bağlarının sahəsinin artmasına müsbət təsir göstərəcək.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü ilin sentyabr ayının 1-dən başlayaraq, 2025-ci ilin may ayının 31-dək, ən azı 5 hektar sahədə salınan, müasir suvarma sistemi ilə təmin olunmuş və hər hektarda 250 sertifikatlı ting əkilmiş intensiv qoz bağlarına birdəfəlik əkin subsidiyası veriləcək.

Bu dövr ərzində salınan hər bir intensiv qoz bağının hektarına görə fermerlərə 3300 manat məbləğində əkin subsidiyası ödəniləcək.

Dövlət tərəfindən verilən bu birdəfəlik əkin subsidiyasının məqsədi, intensiv bağların salınmasına çəkilən xərclərin bir hissəsini qarşılayaraq, bu sahənin genişləndirilməsinə dəstək olmaqdır. Bu tədbir həm də fermerlərə əlavə maliyyə yükünün azalmasına və istehsalın artmasına imkan yaradacaq.

Dövlət dəstəyinin tətbiqi intensiv qoz bağlarının inkişafını sürətləndirəcək, kənd təsərrüfatı sektorunda daha müasir və məhsuldar üsulların tətbiqinə şərait yaradacaq. Bu təşəbbüs, həmçinin yerli məhsul istehsalını artırmaqla yanaşı, qoz istehsalını beynəlxalq bazarlarda daha rəqabətqabiliyyətli edəcək.

Chosen
18
fins.az

1Sources