EN

BMT-nin Baş katibi G20 ölkələrini COP29-un məqsədlərini dəstəkləməyə çağırıb

BMT-nin Baş katibi Antonio Quterreş bazar günü, noyabrın 17-də Rio-de-Janeyroda toplaşan G20 liderlərini istixana qazı emissiyalarının azaldılması məsələsində "liderlik" nümayiş etdirərək Azərbaycanda eyni vaxtda keçirilən iqlim danışıqlarını dəstəkləməyə çağırıb.

Olaylar BMT-nin məlumatına istinadla xəbər verir ki, noyabrın 18-dən etibarən dünyanın ən böyük iqtisadiyyatlarının sammitinə qatılan Antonio Quterreş Braziliyada keçirdiyi mətbuat konfransında deyib: "COP29-da uğurlu nəticə hələ də əlçatandır, lakin bu, həm də C20 ölkələrindən liderlik və kompromis tələb edəcək".

BMT-nin Baş katibi Bakıda davam edən danışıqlarda inkişaf etməkdə olan ölkələrə iqlim sərmayələri üçün 1 trilyon dollarlıq razılaşmanın əhəmiyyətini vurğulayıb. O deyib: "G20 ölkələri qlobal emissiyaların 80 faizinə malikdir və məhz onların bu məsələdə örnək olması lazımdır".

Sammitdə iştirakı çərçivəsində Amazonda dayanan ABŞ Prezidenti Co Bayden, öz növbəsində, administrasiyasının bu il ikitərəfli iqlim maliyyəsi üçün 11 milyard dollar ayırdığını bildirib. O, həmçinin iki ay ərzində onun vəzifəsini təhvil alacaq Prezident Donald Trampa istinad edərək, hökumətinin istiqamətləndirdiyi təmiz enerji inqilabınının dönməz bir proses olduğunu vurğulayıb.

Braziliyanın ətraf mühit naziri Marina Silva bildirib ki, G20 iştirakçılarının "ev tapşırığını yerinə yetirməsi və Bakıda keçirilən COP29 danışıqlarının irəliləməsinə dəstək verməsi fundamental məsələdir".

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
36
13
olaylar.az

10Sources