EN

İrəvanda xaotik gəlişmə: Paşinyanın bu addımının ciddi nəticəsi olacaq

Son günlərdə Ermənistan siyasi səhnəsi kütləvi istefalarla bağlı xəbərlərlə diqqət mərkəzinə düşüb. Ermənistan mətbuatının məlumatına görə, Baş nazir Nikol Paşinyan hökumətin əsas fiqurlarını istefaya göndərmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Onun sözlərinə görə, artıq daxili işlər naziri Vahe Qazaryan, İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan, Dövlət Gəlirləri Komitəsinin sədri Rüstam Badasyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və Antikorrupsiya Komitəsinin rəhbəri Sasun Xaçaturyan istefa verib:

“Bundan əlavə, “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputatlar Ovik Aqazaryan və Narek Zeynalyan mandatlarından imtina edəcəklərini bildiriblər.

Mətbuatın məlumatına görə, kütləvi kadr dəyişikliklərinin əsas səbəbi Paşinyanın güc strukturlarının işindən narazılığıdır. Xüsusilə Sanosyan və Badasyanın istefalarından əvvəl onların baş nazirin ofisinə çağırılması və “sərt müzakirə” aparılması diqqət çəkib.

Güc qurumlarının işinə edilən tənqid daxili böhran və xarici təzyiq fonunda daha da artıb. Korrupsiyaya qarşı mübarizə və hüquq-mühafizə orqanlarının zəif fəaliyyəti, infrastruktur layihələrinin idarə edilməsindəki çatışmazlıqlar, eləcə də vergi orqanlarının dövlət büdcəsinə kifayət qədər gəlir təmin edə bilməməsi, bu qərarların əsas səbəblərindən biri ola bilər”.

Elçin Alıoğlu qeyd edib ki, kütləvi istefaların Paşinyanın azalan reytinqi fonunda hökumət üzərində şəxsi nəzarətini gücləndirmək cəhdi ilə əlaqəli olması da istisna edilmir:

“Bu, həmçinin hökumət strukturlarını yenidən təşkil etməklə artan daxili və xarici çağırışlara cavab vermək niyyətinin göstəricisi ola bilər.

Mümkün nəticələrə gəlincə, qısamüddətli risk kimi, kütləvi istefalar əsas qurumların müvəqqəti zəifləməsinə səbəb ola bilər. Siyasi sabitliyin olmadığı və müxalifətin təzyiq göstərdiyi şəraitdə bu, dövlət idarəçiliyində xaosla nəticələnə bilər.

Bunun hakimiyyətin konsolidasiyası cəhdi olduğu da mümkündür. İstefaya göndərilən şəxslərin yerinə daha loyal kadrların təyin edilməsi Paşinyanın təsirini artıra bilər, amma bu, müxalifət və ictimaiyyətdə daha çox suallar doğuracaq.

Bu addımlar həm ölkə daxili, həm də beynəlxalq arenada hakimiyyətə olan inamı sarsıda bilər.

İqtisadi və geosiyasi çağırışlar fonunda Ermənistan hökuməti vəziyyəti sabitləşdirə bilməsə, daha ciddi problemlərlə üzləşəcək.

İstefalar Ermənistan siyasi elitası daxilindəki gərginliyin əks olunmasıdır. Yaxın günlərdə gözlənilən yeni təyinatlar göstərəcək ki, Paşinyan bu vəziyyətdən hökumətini gücləndirmək üçün istifadə edə biləcək, yoxsa bu, onun siyasi cəhətdən zəifləməsinin başlanğıcı olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
13
teleqraf.com

1Sources