EN

“Milliyet” qəzeti: Türkiyə şirkətləri COP29-da davamlı inkişaf modelini təqdim edib

Türkiyənin aparıcı media orqanlarından biri olan “Milliyet” qəzeti qardaş ölkənin böyük şirkətlərinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı barədə oxuculara məlumat verib.

“İki sahil” xəbər verir ki, nəşrdə Türkiyənin iki böyük şirkətinin - telekommunikasiya kompaniyası “Turkcell” və “Yıldız” holdinqinin nümayəndələrinin Bakıdakı çıxışları yer alıb.

Məqalədə “Gələcək üçün rəqəmsal həllər” mövzusunda COP29 panel müzakirələrində çıxış edən “Turkcell”in baş direktoru Ali Taha Koçun mövqeyi diqqətə çatdırılır.

Telekommunikasiya şirkətinin rəhbəri bildirib ki, “Turkcell” 2026-cı ilin sonuna qədər günəş və külək enerjisi layihələrinə 240 milyon dollar sərmayə qoymağı planlaşdırır.

Onun sözlərinə görə, “Turkcell”in prioriteti süni intellekt texnologiyalarına əsaslanan davamlı inkişafdır. “2050-ci ilə qədər hədəfimiz sıfır emissiyalı şirkət olmaqdır. Artıq bu gün biz elektrik enerjisinə olan tələbatımızı bərpaolunan enerji mənbələri hesabına ödəyirik”, -deyə Koç əlavə edib.

Nəşr qeyd edir ki, “Turkcell” noyabrın 16-da Azərbaycanda COP29 çərçivəsində imzalanmış Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsini də dəstəkləyib.

Məqalədə, həmçinin Bakıda keçirilən iqlim sammitində “Sıfır tullantısız şirkətlər” konsepsiyasını təqdim edən “Yıldız” holdinqinin strateji planlaşdırma, biznesin inkişafı və tədqiqat departamentinin rəhbəri Fezai Okur Eskilin çıxışı da yer alır.

COP29-un “İqlim dəyişikliyi kontekstində yaşıl risklər və sosial problemlər” mövzusunda panel müzakirələrində çıxış edən Eskil qeyd edib ki, iqlim böhranı planetin biomüxtəlifliyini azaldır, dövlətlərin ərzaq təhlükəsizliyini təhdid edir. “Mütəxəssislərin fikrincə, 2050-ci ilə qədər dünya əhalisini ərzaqla təmin etmək yalnız kənd təsərrüfatı məhsullarının 70 faiz artırılması hesabına mümkün olacaq. Lakin kənd təsərrüfatına mövcud yanaşmaları nəzərə alsaq, bu, demək olar ki, mümkün deyil. Yanaşmaların hərtərəfli nəzərdən keçirilməsi tələb olunur”, -deyə Türkiyə holdinqinin nümayəndəsi bildirib.

Eskil qeyd edib ki, təmsil etdiyi holdinq 2030-cu ilə qədər innovativ inkişaflara investisiyaları ikiqat artırmağı planlaşdırır.

Chosen
26
ikisahil.az

1Sources