EN

İri addımlarla D liqasına doğru... - REPORTAJ

Millətlər Liqası
qrup mərhələsi, 5-ci tur
C liqası
Azərbaycan – Estoniya 0:0

23. Rza Cəfərov
3. Elvin Cəfərquliyev
13. Rahil Məmmədov
(4. Bəhlul Mustafazadə, 5)
15. Bədavi Hüseynov (k)
21. Abbas Hüseynov
6. Ozancan Kökcü
(19. Xəyal Nəcəfov, 88)
7. Coşqun Diniyev
20. Aleksey İsayev
17. Toral Bayramov
(9. Nəriman Axundzadə, 70)
11. Ramil Şeydayev
22. Musa Qurbanlı
Ehtiyat oyunçular
1. Nicat Mehbalıyev
12. Aydın Bayramov
2. Amin Seydiyev
5. Anton Krivostyuk
8. İsmayıl İbrahimli
10. Mustafa Əhmədzadə
14. Zamiq Əliyev
16. Rüfət Abdullazadə
18. Ceyhun Nuriyev
Baş məşqçi: Fernando Santuş

12. Karl Yakob Heyn
4. Mihael Şyonninq-Larsen
18. Karol Mets (k)
16. Yoonas Tamm
13. Maksim Paskoçi
20. Markus Poom
11. Kevor Palumets
(2. Markus Soomets, 88)
17. Martin Miller
(9. İoan Yakovlev, 63)
5. Rokko Şeyn
(21. Martin Vetkal, 68)
23. Vlasi Sinyavski
8. Henri Anier
(15. Aleks Tamm, 63)
Ehtiyat oyunçular
1. Matvey İqonen
22. Karl Andre Vallner
3. Yozef Saliste
6. Rasmus Peetson
7. Robi Saarma
10. Sergey Zenyov
14. Patrik Kristal
19. Mihael Lilander
Baş məşqçi: Yurgen Henn

Vərəqələr: M.Paskoçi, 39. H.Anier, 50.R.Şeyn, 57. O.Kökcü, 63. E.Cəfərquliyev, 89. A.Tamm, 90+2 – sarı.
Hakimlər: CON BİTON, Daniel Makfarlan, Devid Makqeçi, Metyu Makdermid (hamısı Şotlandiya).
VAR hakimi: Endryu Dallas (Şotlandiya).
VAR hakiminin köməkçisi: Nikolas Uolş (Şotlandiya).
Hakim-inspektor: Albano Yanku (Albaniya).
UEFA nümayəndəsi: Yeva Qayevska (Polşa).
16 noyabr. Qəbələ. Şəhər stadionu. 1600 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
10 (3) qapıya (“çərçivə”yə) zərbə 2 (1)
8 künc zərbəsi 3
4 ofsayd 1
7 qayda pozuntusu 11
2 (0) sarı (qırmızı) vərəqə 4 (0)
64 topa sahibolma (faizlə) 36

Rəqibin 10-cu saniyədəki qol vəziyyəti şəxsən mənim ürək döyüntülərimi artırdı. Yaxşı ki, Şyonninq-Larsenin uzaq məsafədən göndərdiyi topu qarşılayan Anier Rzayla təkbətək mübarizədən qalib ayrılsa da, tiri “nişan aldı”. Belədə millimiz hesabı açmağın yollarını aramağa başladı. 9-cu dəqiqədə sol cinahla irəliləyən Elvinin birbaşa qapıya zərbəsinə şahidlik etdik ki, Heyn yerində idi. Millimizin bir qədər sonra yaratdığı epizodda isə Şyonninq-Larsen özünü yaxşı tərəfdən göstərdi. O, Elvinin cərimə meydançasının daxilinə göndərdiyi topu başla tora qovuşdurmaq istəyən Toralla hava mübarizəsinə qoşuldu və qeyri-dəqiq çıxış etməsinə vəsilə oldu. Ümumiyyətlə, ilk dəqiqələrdə baş verən hadisələr Estoniyanın Qəbələyəbir xal üçün gəldiyinin siqnallarını verdi. Qonaqlar hücum cəhdlərində maraqlı görünmür, daha çox arxa xətdə qərarlaşır və maksimum diqqətli olmaqla hədəfə çatmaq istəyirdi. 35-ci dəqiqədə Elvinin növbəti cəhdi uğursuzluğa düçar oldu. O, Toralın ötürməsini qəbul edəndən sonra qapını nişan alsa da, Heynin müqavimətini qıra bilmədi. Millimiz 40-cı dəqiqədə daha bir fürsəti əldən verdi. Bu dəfə də Elvini baş rolda gördük. “Qarabağ”ın futbolçusu Paskoçinin ona qarşı kobud müdaxiləsi üzündən təyin olunan cərimə zərbəsini özü yerinə yetirdi. O, topu təxminən 30 metrlik məsafədən tora qovuşdurmaq istədi ki, tir qonaqların köməyinə çatdı. Cəfərquliyevin 43-cü dəqiqədəki zərbəsini isə Heyn zərərsizləşdirdi. Belədə komandalar fasiləyə qolsuz “sülh”lə yollandı. Düzdü, vəziyyət estonları tam qane edirdi. Lakin bu, yığmamız üçün faciənin ayaq səslərini xatırladırdı.

Hər halda, qorxduğumuz başımıza gəldi. O başqa məsələ ki, millimiz ikinci hissədə də xeyli qol vəziyyəti yaratdı. 54-cü dəqiqədə Musa qapıçını sınağa çəkdi. Təəssüf ki, Heyn topu dəf etməklə təhlükəni sovuşdurdu. Meydanda qalan topa yiyələnməyə çalışan Ramilə isə Miller mane oldu. Ardınca Coşqun topu cərimə meydançasının daxilinə çatdırdı. Burda dəqiqlikdən başqa nəsə lazım deyildi ki, Abbas yöndəmsiz zərbə üzündən fürsəti əldən verdi. Onun səhvini 58-ci dəqiqədə Ozancan təkrarladı. Dəqiq desək, Elvinin Coşquna, Diniyevin Kökcüyə ötürməsi sonuncunun qol vurmaq cəhdiylə müşayiət olundu. Və Heyn yenə hesabın açılmasına imkan vermədi. Ozancanın 60-cı dəqiqədə vurduğu akrobatik zərbə də işə yaramadı. HİK-in şərəfini qoruyan futbolçu Coşqunun çatdırdığı topu sinəsiylə qəbul edib “çərçivə”yə yönəltsə də, qolkiperi məyus etmək mümkün olmadı. Millimizin növbəti hücum cəhdi də Ozancanın Heynlə dueldən məğlub ayrılmasıyla nəticələndi. Qapıçı Musanın ötürməsiylə bəxtini sınayan rəqibini yenə üzdü. Millimizin 87-ci dəqiqədə yaratdığı qol vəziyyəti də tablodakı rəqəmlərin dəyişməsinə səbəb olmadı. Dəqiq desək, Abbasın ötürməsini başla “çərçivə”yə göndərmək istəyən Musa qeyri-dəqiq çıxış etdi. Bəli, millimiz nə əsas vaxtda istəyinə çatdı, nə də ikinci hissəyə əlavə olunan 5 dəqiqədə… Beləliklə, estonlar arzuladığı nəticəyə qovuşdu. Yığmamız isə ardıcıl beşinci matçda qələbəyə həsrət qaldı. Heç nəyə yaramayan bir xala sevinmək, təbii ki, dəlilik olar. Yığmamız, çox güman, tarixində ilk dəfə D liqasına yuvarlanacaq. Görəsən, Santuş “elə bir şey əldə etmək istəyirik ki, bu günə qədər Azərbaycan millisi onu edə bilməyib” deyəndə bunu nəzərdə tuturdu?!

KƏNAN BAHADIR

Chosen
17
football-plus.az

1Sources