EN

İqlim dəyişiklikləri dövründə dayanıqlı kənd təsərrüfat necə olmalıdır? - COP29-da MÜZAKİRƏ

COP29 çərçivəsində Yaşıl Zonada “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib.

COP29-un proqramına uyğun olaraq “Qida, Kənd Təsərrüfatı və Su Günü”ündə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşəbbüsü ilə tədbir keçirilib. Məqsəd aqrar sahənin inkişafı üzrə müəyyən edilən strateji prioritetlərin – dayanıqlı kənd təsərrüfatının təşviqi, fermerlərin maliyyə resurslarına çıxışının artırlması və beynəlxalq tərəfdaşlığın daha da gücləndirilməsi istiqamətində COP29 tədbirlərinə töhfə vermək və bu istiqamətdə fermerlərə daha çox məlumat çatdırmaqdır.

“Yaşıl zona”da baş tutan tədbirdə AKİA-nın rəhbər şəxsləri, fermerlər, banklar da daxil olmaqla özəl sektorun, eləcə də beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər.

İlk olaraq AKİA-nın dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fəttahov dövlət dəstəyi mexanizmləri və onların təsirinin artırılması yolları mövzusunda çıxış edib. O əvvəlcə Aqrar Subsidiya Şurası tərəfindən qəbul edilən yeni dəyişikiliklərlə bağlı ətraflı məlumat verib. Daha sonra dövlət dəstəkləri və ən son dəyişikliklərin fermerlər üçün yaratdığı imkanlardan danışıb.

Sonra iqlim dəyişiklikləri dövründə dayanıqlı kənd təsərrüfatı üçün innovativ texnologiyalardan istifadənin artırılmasının əhəmiyyəti mövsuzunda çıxış edən, “Beta Azərbaycan” MMC-nin ölkə müdiri Ahmet Arslan risklərin idarə olunmasında və məhsuldarlığın artırılmasında praktiki nümunələr təqdim edib, iştirakçılara və xüsusi ilə fermerlərə dayanıqlı təsərrüfat yaratmağın yolları barədə faydalı məlumatlar çatdırıb.

Kənd təsərrüfatının maliyyələşdirilməsində bankların və digər kredit təşkilatlarının rolu mövzusunda isə AKİA-nın sədr müavini Mehman İsmayılov məruzə edib. O həmçinin dövlət-özəl tərəfdaşlığının dayanıqlı kənd təsərrüfatı üçün necə əsas olduğunu vurğulayıb. Bundan başqa məruzəçi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən (EKTİS) alınan məlumatlarla fermerlərin maliyyə tarixçəsinin vizual təqdimatını da nümayiş etdirib.

Daha sonra iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirini azaltmaq məqsədli beynəlxalq təşkilatlar və donorlarla əməkdaşlığın artırılması istiqamətləri və Bakı Harmoniya İqlim Təşəbbüsü adlı mövzu ilə AKİA-nın Layihə və proqramlar şöbəsinin müdiri Fərid Əmirov çıxış edib. O çıxışında qeyd edib ki, iqlim dəyişikliyinin qlobal təsirlərinə qarşı daha geniş əməkdaşlıq çox vacibdir. Bu mənada beynəlxalq layihələr və dövlət proqramlarının kənd təsərrüfatına olan müsbət təsirini nəzərə alaraq xüsusi ilə qadın və gənc fermerlər üçün həyata keçirilən layihələr olduqca faydalıdır – deyə, Fərid Əmirov bildirib. Şöbə müdiri bununla yanaşı COP29-dan sonrakı fəaliyyətlər və Bakı Harmoniya İqlim Təşəbbüsündən irəli gələn tədbirlərlə bağlı beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq imkanlarından da danışıb.

Tədbirin sonunda auditoriyanın və fermerlərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Orxan Vahidoğlu, “İki sahil”

Chosen
8
50
ikisahil.az

10Sources