EN

Zambiya son 40 ildə iqlim dəyişikliklərinin ən ağır nəticələri ilə üzləşib – Nazir

Bakı, TurkicWorld

Zambiya son 40 ildə ən sərt quraqlığa səbəb olan iqlim dəyişikliklərinin ən ağır nəticələrini yaşayır.

TurkicWorld xəbər verir ki, bunu Zambiyanın "yaşıl" iqtisadiyyat və ətraf mühit naziri Mayk Mpoşa COP29 sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, iqlim dəyişiklikləri ölkədə ərzaq, enerji və su təhlükəsizliyini, həmçinin, milyonlarla insanın həyat şəraitini ciddi şəkildə çətinləşdirib.

"Ölkənin kənd təsərrüfatı istehsalı iki dəfədən çox azalıb, çaylarda su səviyyəsinin aşağı düşməsi səbəbindən hidroenerji istehsalı, demək olar ki, dayanıb. Quraqlıq Zambiyanın 116 rayonundan 84-nü əhatə edərək, 20 milyon əhalidən 9,8 milyonunu təsirləndirib, bu vətəndaşlardan 6,6 milyonuna təcili humanitar yardım lazımdır. Bu hadisələr ölkənin əsas iqtisadi inkişaf sahələri olan əsas sektorlarına ciddi təsir göstərib", - deyə nazir vurğulayıb.

Mayk Mpoşa bildirib ki, COP29 çərçivəsində bir neçə vacib məqsədə nail olunmalıdır: iqlim dəyişikliklərinin təsirinin ağırlığını inkişaf etməkdə olan ölkələr üçün tələb olunan maliyyə ilə əlaqələndirən yeni kollektiv maliyyə məqsədinin qəbul edilməsi; qlobal adaptasiya məqsədi üzərində işlərin davam etdirilməsi və bu məqsəd üçün göstəricilərin növbəti sammitdə Braziliyada qəbul edilməsi; Paris Sazişi çərçivəsində karbon bazarı qaydalarının işlənib hazırlanmasının başa çatdırılması, həmçinin, iqlim dəyişikliklərinin təsirinə məruz qalan ölkələr üçün maliyyə dəstəyi təmin etmək məqsədilə İtki və Zərər Fondunun fəaliyyətinin sürətləndirilməsi.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
15
2
turkic.world

3Sources