EN

Türkiyədə quş qripi yayılır...

Azərbaycan üçün təhlükə varmı?

Oktyabr ayından etibarən vəhşi quşların mövsümi köçü ilə bağlı dünyanın bir çox bölgələrində broyler təsərrüfatlarında quş qripinin aşkarlanması halları çoxalmağa başlayıb. Artıq Rusiyada və Türkiyədə də belə faktlar üzə çıxmaqdadır. Qardaş ölkənin Konya, Əskişəhər, Afyon, Bursa  və digər bölgələrində quşçuluq təsərrüfatlarında quş qripinə yoluxma faktları aşkarlanıb. Məlumdur ki, Azərbaycana Türkiyədən həm 1 günlük cücələr, həm də yumurta idxal olunur. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyədən ölkəmizə 8 milyon 856 min 1 günlük cücə, 15 milyon 383,52 min ədəd inkubasiya üçün mayalanmış damazlıq yumurta gətirilib.

Belə yüksək idxal şəraitində ölkəmizdə də quş qripinin yayılması riski varmı?

İnfeksionist-həkim Mərdan Əliyev “Yeni Azərbaycan”a açıqlamasında qeyd edib ki, quş qripi əsasən çöl quşlarından yoluxur. Quşların köç ərəfəsində də bir ərazidən digər əraziyə yayıla bilir: “Çöl quşları ev quşlarını da yoluxdurur, bununla da insanlara keçir. Bunun qarşısını almağın əsas yolları baytarlıq, nəzarət sistemi gücləndirilməli, quşların monitorinqi aparılmalı, hansı quşda xəstəlik aşkar olunursa, o zaman onlara qarşı müəyyən tədbirlər görülməlidir”.

Epozootik vəziyyət daim nəzarət altındadır

İnfeksionist qeyd edib ki, Azərbaycanda epozootik vəziyyət daim nəzarət altındadır. Onun sözlərinə görə, aidiyyəti qurumlar region ölkələri, xüsusilə də ölkəmizə quş əti və ət məhsulları, yumurta idxal olunan ölkələrdəki vəziyyəti daim izləyir: “Hər hansı yoluxma faktı qeydə alınan ərazilərdən idxal dərhal dayandırılır. Yalnız quş qripi deyil, heyvan və quşlar arasında kütləvi ölüm halına səbəb ola biləcək, həmçinin insan orqanizmi üçün təhlükə mənbəyi olan bütün xəstəliklərlə bağlı eyni addım atılır”.

Risk ölkələrindən idxal dayandırılmalıdır

Həkim hesab edir ki, təhlükə aradan qalxana qədər risk ölkələrindən idxal dayandırılmalıdır: “Türkiyənin digər bölgələri ərazilərini hər hansı quş və quş məhsulları üçün tam qapadıblar. Bu, ölkədə toyuq əti və yumurtanı kəskin bahalaşdırıb. Azərbaycana Türkiyədən damazlıq və az miqdarda süfrə yumurtası, həmçinin 1 günlük cücələr idxal olunur. Azərbaycanda yerli istehsalı qorumaq üçün damazlıq və süfrə yumurtası, toyuq ətinin idxalına əlavə rüsumlar tətbiq olunub. Bu, MDB dövlətlərinə, o cümlədən Gürcüstana aid deyil. Buna görə də bir sıra Türkiyə şirkətləri öz məhsullarını Gürcüstan adı ilə ölkəmizə göndərirlər. Yəni bu gün Türkiyədə quş qripi geniş yayılıbsa, yalnız oradan deyil, Gürcüstandan da idxal dayandırılmalıdır. İnanırıq ki, real təhlükə bu dəfə də doğru qiymətləndiriləcək və təhlükə aradan qalxana qədər həm Türkiyədən, həm Gürcüstandan yumurta və cücə idxalı dayandırılacaq”.

Chosen
41
4
yeniazerbaycan.com

10Sources