EN

Muxtar Babayev: "Şəhər əhalisinin xüsusi çəkisinin 70 %-ə çatacağı proqnozlaşdırılır"

2050-ci ilə qədər dünyada şəhər əhalisinin xüsusi çəkisinin indiki 50 %-dən 70 %-ə çatacağı proqnozlaşdırılır...

Poliqon xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev tədbir çərçivəsində təşkil olunmuş çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda bildirib.

"Yaxın 5-7 ildə şəhər əhalisinin sayının 500 milyon nəfərdən çox artacağı gözlənilir. Bu da öz növbəsində şəhər infrastrukturuna, o cümlədən elektrik enerjisi, su və kanalizasiya təchizatına, nəqliyyat sektoruna daha da böyük təzyiq göstərəcək. Hazırda şəhərlər qlobal CO2 emissiyalarının 70%-dən çoxuna məsuldur", - deyə o qeyd edib.

M. Babayev həmçinin deyib ki, şəhər əhalisinin sayının artması milli hökumətləri özəl və ictimai maraqlı tərəflərlə birlikdə qüvvələri birləşdirməyə, qarşıya qoyulmuş məqsədlərə çatmağa stimullaşdırır: "Çox səviyyəli əməkdaşlıq vacibdir. Milli siyasətlər yerli səviyyədə həyata keçirilə bilən strategiyalara çevrilməlidir. Şəhərlər və regionlar öz unikal və spesifik kontekstlərinə uyğun hazırlanmış iqlim həllərini həyata keçirmək üçün alətlərə, maliyyə vəsaitlərinə və səlahiyyətlərə ehtiyac duyurlar. Buna görə Bakı Şəhər Davamlılığı Koalisiyası kimi təşəbbüslər əməkdaşlığın genişləndirilməsinə sadiq olan müxtəlif tərəfləri bir araya gətirdiyi üçün çox vacibdir. Şəhər iqliminin maliyyələşdirilməsi də mühüm məsələdir. Şəhər infrastrukturuna, enerjiyə qənaət edən binalara və dayanıqlı nəqliyyat sistemlərinə investisiyaları artırmaq üçün innovativ maliyyələşdirmə mexanizmləri və daha güclü tərəfdaşlıq tələb olunur. Bu, təkcə iqlim risklərinin həlli deyil, həm də iqtisadi artım, iş yerlərinin yaradılması və şəhər əhalisi üçün həyat keyfiyyətinin yaxşılaşdırılması üçün imkanların açılmasıdır".

Poliqon.info

Chosen
27
4
poliqon.info

9Sources