EN

Lionel Messi yığmalar səviyyəsində tarixi nailiyyəti təkrarladı

Peru yığması üzərində 1:0 hesablı ev qələbəsi Argentina yığmasının ulduz hücumçusu və kapitanı Lionel Messi üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi seçmə mərhələsinin 12-ci tur oyununda Messi “albiseleste”nin vurduğu yeganə qolun məhsuldar ötürməsini verib.

Nəticədə Messi milli komandalar səviyyəsində məhsuldar ötürmələrin sayına görə tarixi rekordu təkrarlayıb. İndi “Leo”nun hesabında ABŞ yığmasının keçmiş hücumçusu Lendon Donovanla eyni sayda – 58 məhsuldar ötürmə var.

Əlavə edək ki, müvafiq statistika nüfuzlu “Transfermarkt” internet-portalının təqdim etdiyi rəqəmdən statistikadan – 61 məhsuldar ötürmə, fərqlidir.

12 turdan sonra Argentina yığması 25 xalla 2026-cı il dünya çempionatı CONMEBOL bölgəsi seçmə mərhələsinin yarış cədvəlinə başçılıq edir.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 23 qol vurub və 13 məhsuldar ötürmə verib.

Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 39 oyun, 34 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Chosen
11
11
arena.az

10Sources