EN

“Qarabağa yeni həyat gəlib” - EKSPERT FİKRİ

“Azərbaycan dövləti 44 günlük Vətən müharibəsi nəticəsində otuz ilə yaxın işğal altında qalan ərazilərini azad etdi və cəmi 44 günə çox böyük hərbi-siyasi uğur qazandı. Müharibənin nəticəsi olaraq Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və 10 noyabr bəyannaməsində olduğu kimi Azərbaycanın digər suveren əraziləri, Kəlbəcər, Laçın və Ağdam şəhərləri mərhələli şəkildə heç bir güllə atılmadan işğaldan azad edildi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Sahil Kərimli deyib.

O bildirib ki, qeyd olunanlar böyük siyasi uğurlar idi: “Çünki Laçın, Kəlbəcər və Laçın ərazisi hərbi əməliyyatların keçirilməsi baxımından çox çətin relyfə malikdir. Buna görə də həmin ərazilərdə Azərbaycan ordusunun itki verməsi də ehtimal daxilində idi. Amma Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti nəticəsində bu məsələ də siyasi-diplomatik yol ilə həll olundu. Sözügedən ərazilər tez bir zaman ərzində Ermənistan tərəfindən boşaldılaraq Azərbaycana təhvil verildi.
Bundan sonra keçən dövr ərzində işğaldan azad edilmiş ərazilərin sürətlə bərpası və yenidən qurulması prosesi başlayıb. Ötən dövr ərzində Azərbaycan dövləti həm iqtisadi, həm də siyasi iradəsini ortaya qoyaraq Qarabağı sıfırdan qurmağa başlayıb. Otuz il ərzində tamamilə dağıdılmış və yerlə-yeksan edilmiş ərazilərimiz hazırda surətlə yenidən qurulur, bərpa edilir. Böyük Qayıdış prosesi başlayıb və insanlar öz doğma yurdlarına qayıdırlar. Bir sözlə, Qarabağa yeni həyat gəlib”.

Müəllif: Səbinə Hüseynli
Chosen
17
sia.az

1Sources