Demokrat.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, İsveçlə dünənki qarşılaşma baş məşqçi Fernandu Santuşa verilmiş son şans imiş. Acınacaqlı məğlubiyyətdən sonra isə hətta onu indiyə qədər müdafiə edən futbol məmurları da geri çəkilməyə məcbur olub.
Daxil olan məlumata görə, AFFA potuqaliyalı baş məşqçi ilə yollarını ayırmaq qərarına gəlib, sadəcə olaraq detalları ictimaiyyətə açıqlanmayan müqavilədəki təzminat məsələsinin həlli yolları axtarılır.
Məlumat üçün bildirək ki, AFFA Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla 2024-cü ildə "3+1" illik müqavilə bağlayıb və onun səlahiyyət müddəti 2028-ci ildə yekunlaşır. Tərəflərdən biri müqaviləni pozacağı təqdirdə isə müəyyən məbləğ ödəməlidir.
Maraqlıdır ki, Fernandu Santuşla müqavilə bağlandıqdan sonra futbol ictimaiyyəti və media onun bir neçə komandadakı uğursuz fəaliyyətinə görə işdən ayrıldığını xatırladırdı.
Məsələn, AFFA rəhbərliyinə xatırladılırdı ki, Fernandu Santuş 2023-cü ildə Polşa millisinin baş məşqçisi təyin edilsə də, həmin ilin sentyabrında istefaya göndərilib. Fernandu Santuş həmçinin 2024-cü ilin yanvarında türkiyənin "Beşiktaş" klubu ilə müqavilə imzalayıb, lakin 6 oyunluq məğlubiyyət seriyasından sonra böyük məbləğdə təzminat alaraq istefaya göndərilib.
AFFA rəhbərliyi isə 2024-cü ilin iyunun 12-də onu Azərbaycan milli futbol komandasının baş məşqçisi postuna gətirərkən bu iddialara belə cavab vermişdi:
"Bilmədiyimiz səbəblərə görə qərar vermək düzgün deyil. Məşqçinin ayrılması normaldır. Bizimlə müqaviləsi 3+1 illikdir. Təzminat və maddi məsələləri açıqlaya bilmərik. Bu normaldır".
Amma indi AFFA rəhbərliyi də Santuşla davam etməyin mümkün olmadığı qənaətinə gəlib. Hər halda dünənki məğlubiyyətin Milli Məclisdə müzakirəyə çıxarılması da təsadüfi sayıəlmamalıdır.
Belə ki, Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bunları deyib:
“Biz artıq 30 ilə yaxındır ki, bu hissləri yaşamağa davam edirik. Nəyə görə biz hər zaman böyük hesablı məğlubiyyətləri görürük? Digər təhlükəli tərəfi odur ki, aşağı yaş qruplarında nəticələr ürəkaçan deyil"
Əldə etdiyimiz son məlumatlara görə isə AFFA Fernandu Santuşdan sonra yerli məşqçilərdən birinə şans verməyi düşünür. Bu mövzuda adı daha çox hallanan isə "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovdur. Artıq futbol qurumunun Qurbanovla qeyri-rəsmi təmaslara başladığı da daxil olan məlumatlar arasındadır.
5Sources
-
sportinfo.azAFFA Santuşla vidalaşıb, Qurban Qurbanovu milliyə qaytarır? ( 13260715)
-
musavat.comQurban Qurbanov Milli Komandaya baş məşqçi gətirilir? - AFFA Santuşla vidalaşır… ( 13223443)
-
referans.azQurban Qurbanov Milli Komandaya baş məşqçi gətirilir? — AFFA Santuşla vidalaşır… ( 13222936)
-
hurriyyet.azQurban Qurbanov Milli Komandaya baş məşqçi gətirilir? — AFFA Santuşla vidalaşır… ( 13222762)
-
demokrat.azQurban Qurbanov Milli Komandaya baş məşqçi gətirilir? — AFFA Santuşla vidalaşır… ( 13220944)