İtaliya futbolunun əfsanəsi, keçmiş qapıçı Canluici Buffon argentinalı ulduz hücumçu Lionel Messi ilə bağlı xatirəsini paylaşıb.
Arena.az “Corriere della Sera” dərgisinə istinadən məlumat verir ki, Buffon, 2015-ci ildə “Yuventus” və “Barselona” arasında keçirilmiş Çempionlar Liqasının final oyunundan (1:3) sonra Messinin ona necə yaxınlaşdığını xatırlayıb:
“2015 Çempionlar Liqasının finalından sonra kiminsə kürəyimə təmasını hiss etdim. “Cici, gəl, köynəklərimizi dəyişəkmi?” – “Leo” Messi səsləndi. Ən görkəmli oyunçular heç vaxt iddialı olmurlar”, deyə Canluici Buffon bu məqamı böyük məmunluqla təsvir edib.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 23 qol vurub və 13 məhsuldar ötürmə verib.
Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 39 oyun, 34 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var. O, “İnter Mayami”dən öncə “Barselona” və PSJ-də çıxış edib.