EN

Ərinə görə falçıdan 1000 manata “dua” və “qurd yağı” aldı, kişi ondan boşandı – MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Səma Həsənovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.  

 

İttiham aktına əsasən, Səma Həsənova 2023-cü ilin dekabr ayında telefon vasitəsilə tanış olduğu zərərçəkmiş Ləman Fərəcovaya (şərti) dua yazmaqla ərinin başqa qadınlarla görüşməyəcəyi və ailəsinə bağlı olacağını deyib. Zərərçəkmiş buna görə ona ödəniş terminalı vasitəsilə ümumilikdə 1000 manat pul verib.

 

Daha sonra Ləman Fərəcovanın əri ondan ayrılıb və zərərçəkmiş Səmanı hüquq-mühafizə orqanlarına şikayət edib. 

 

Məhkəmə iclasında Səma Həsənova ona elan olunmuş ittihamda özünü təqsirli bilib. O, ifadəsində deyib ki, 20 ildir falçılıqla məşğul olur və ona müraciət edənlərə “dua” yazaraq, qarşılığında pul əldə edir: 

 

“Təxminən 2023-cü ilin noyabr ayında zərərçəkmiş Ləman Fərəcova mənə zəng edərək, ərinin ondan başqa heç kimə qarşı məhəbbətinin olmaması və ondan başqa heç kimi gözünün görməməsi ilə bağlı dua yazmağımı, həmçinin “qurd yağı” almağımı xahiş etdi. Mən də zərərçəkmiş şəxsdən gördüyüm iş müqabilində özüm üçün 1000 manat və “qurd yağı” almaq üçün isə əlavə olaraq 1000 manat məbləğində pul istədim. Lakin o, yalnız 1000 manat məbləğində pul verə biləcəyini dedi. Ləman əvvəl kart hesabıma 600 manat, daha sonra isə 400 manat pul göndərdi. Həmin puldan 800 manatını “qurd yağı” almaq üçün istifadə etdim. Aldığım “qurd yağı” ilə yazdığım “dua”nı karqo poçt göndərişi vasitəsilə ona göndərdim. Təxminən 1 ay sonra Ləman zəng edərək, yazdığım “dua”nın kömək olmadığını, həyat yoldaşının ondan ayrıldığını bildirdi. O, göndərdiyi pulun geri qaytarmasını tələb etdi. Mən isə  Ləmana “qurd yağı”nı aldığım adamı taparaq, pulunu geri almaq üçün möhlət verməsini istədim. Bir müddət “qurd yağı” aldığım adamı axtarsam da, tapa bilmədim. Bu səbəbdən zərərçəkmiş şəxsin pulunu qaytara bilmədim. Ləmana həmin şəxsi tapa bilmədiyim barədə məlumat verərək, əlavə olaraq da vaxt verməsini xahiş etdim”.

 

Səma Həsənova sonda törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı tam ödəyərək, zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini, Ləman Fərəcovanın şikayətinin olmadığını bildirib.

 

Kamal Məmmədov

Tarix: 21 Noyabr 2024, 09:25   
Chosen
15
2
pravda.az

3Sources