EN

Vergi güzəştlərinin nəticələri təhlil edilməlidir -Tahir Mirkişili

Vergi və gömrük güzəştlərinin səmərəliliyi müzakirə olunur.

Fins.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə olunarkən, deputat Tahir Mirkişili Azərbaycanda tətbiq edilən vergi və gömrük güzəştlərinin səmərəliliyinin dəyərləndirilməsinin vacibliyini vurğulayıb.

Deputat qeyd edib ki, hazırda güzəştlər daha çox sosial xarakter daşıyır, lakin onların iqtisadi təsirinin dərin təhlilə ehtiyacı var:

"Mənfəət vergisinə tətbiq edilən güzəştlər ölkədə mənfəət artımına nə dərəcədə təsir edir? Bu kimi məsələlərin daha ətraflı müzakirə olunmasına ehtiyac var. Maliyyə Nazirliyindən və Dövlət Vergi Xidmətindən bu barədə təhlil aparılmasını və nəticələrin təqdim olunmasını xahiş edirəm."

Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov isə bildirib ki, 2022-2023-cü illər üzrə vergi güzəştlərinin səmərəliliyi artıq qiymətləndirilib. Onun sözlərinə görə:

"Vergi güzəştləri 0,6%-dən yuxarı iqtisadi səmərə təmin etdikdə daha səmərəli hesab olunur. Lakin səmərəsiz və az səmərəli güzəştlər də mövcuddur. Hazırda təklif olunan vergi və gömrük güzəştləri nəticəsində Dövlət Vergi Xidmətində 20,9 milyon manat, gömrük orqanlarında isə 2,9 milyon manat itki yaranır. Bununla belə, güzəştlərdən ümumilikdə 32,6 milyon manat gəlir əldə olunur ki, bu da büdcəyə əlavə 8,7 milyon manat vəsaitin daxil olmasına şərait yaradır."

Bu müzakirələr vergi siyasətinin optimallaşdırılması və iqtisadi səmərəliliyin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Chosen
12
fins.az

1Sources