EN

Fransanın Azərbaycana qarşı çirkin mövqeyi: Deputat qarayaxma kampaniyasının səbəblərini AÇIQLADI

\"Fransanın və bu ölkənin uğursuz Prezidenti Emmanuel Makronun ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən 44 günlük müharibənin ilk günlərindən Azərbaycana qarşı həyata keçirilən qərəz, böhtan və qarayaxma kampaniyasının ön sırasında yer almasının çoxsaylı səbəbləri var\".
 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli ötən gün Fransanın Azərbaycandakı səfiri Ann Buayonun XİN-ə çağırılmasına münasibət bildirərkən söyləyib.
 
Deputat Fransanın Azərbaycana qarşı son illər çirkin və neqativ mövqeyə söykənməsinin səbəblərini açıqlayıb:
 
\"Əsas səbəb Fransanın, artıq ömrünü başa vurmuş Makron qədər uğursuz Minsk qrupu çərçivəsində həyata keçirmək istədiyi planın – Azərbaycan ərazilərinin işğalının qondarma mexanizmlər, yaxud aralıq statusu tətbiq etməklə tam ilhaqına nail olunması, ilhaqın zaman keçdikcə legitimləşdirilməsi, Azərbaycan dövlətinin və xalqının təslimçi sülhə məcbur edilməsi məqsədinin Ali Baş Komandanın strateji zəkası və qətiyyəti, əsgər və zabitlərimizin rəşadəti nəticəsində iflasa uğraması, Fransa və makronkimilərin Cənubi Qafqazda həyata keçirmək istədikləri layihənin tarixin arxivinə gömülməsidir.
 
Başqa bir səbəb, Azərbaycanın Fransanın və onun yedək təsisatlarının təzyiq və təhdidlərinə qarşı prinsipial və güzəştsiz mövqe sərgiləməsi, Fransanın davam etməkdə olan neomüstəmləkəçilik siyasətini bütün dünyada ifşa etməsi, Parisin istismarçı təzyiqləri altında əzilən koloniyaların Azərbaycanın qətiyyətlə müdafiə etdiyi ədalət prinsiplərinin doğurduğu geniş rezonansdan ruhlanaraq, öz haqlarını qətiyyətlə müdafiəsinə qalxmaları və bu prosesin getdikcə daha geniş vüsət almasıdır. 

Azərbaycanın qətiyyətli və ədalətli mövqeyi Fransanın nəinki Cənubi Qafqaza doğru \"atılan” qanlı iştahının qarşısını kəsib, hətta Parisin ayırıcı xətlərini Mərkəzi Asiyaya transfer etmək cəhdlərini də buxovlayıb. Makronu daha da qəzəbləndirən, \"gözlərini hədəqədən çıxaran” əsas amil isə Fransanın və onun yedək təsisatlarının, hibrid informasiya təxribatı resurslarının, proksilərinin Azərbaycana qarşı apardıqları kampaniyaların nəticə verməməsi, ölkəmizin mövqeyinə hər hansı bir təsir göstərməməsidir\".
 
Mikayıl Mirzəzadə
Chosen
7
azxeber.com

1Sources