EN

Təbrizin tarixi “Məfaxir Parkı” baxımsızlıq səbəbindən məhv olur

Təbrizin mədəni və tarixi irsinin simvollarından olan “Məfaxir Parkı” baxımsızlıq və laqeydlik səbəbindən ciddi təhlükə altındadır. Əvvəllər şəhərin mühüm mədəni və turistik məkanlarından biri olan parkın vəziyyəti son illərdə pisləşib.

Parkın idarəçiliyi Təbrizin keçmiş bələdiyyə başçısı Sadıq Nəcəfi dövründə, naməlum səbəblərdən Şərqi Azərbaycan Əyaləti Vakfına (Oğaf İdarəsinə) təhvil verilmişdir. Lakin bu günlərdə nə vakfın, nə də Təbriz Bələdiyyəsinin parkın qorunması və inkişafı ilə bağlı ciddi addımlar atdığı görünür.

Yerli medianın məlumatına görə, parkdakı Məfaxir məqbərəsi demək olar ki, daimi olaraq bağlıdır, Azərbaycanlı görkəmli şəxslərin mozaik daş lövhələrində ciddi zədələr müşahidə olunur və bəziləri yoxa çıxıb. Həmçinin parkdakı tanınmış simaların büstləri dağıdılıb, yeni qanunsuz tikililər isə parkın estetik görünüşünə və tarixi əhəmiyyətinə ziyan vurub.

Təbrizin mədəniyyət fəalları və yerli ictimaiyyət parkın bu vəziyyətinə diqqət çəkməyə çalışsa da, məsul qurumların bu irsi qorumaq üçün heç bir ciddi tədbir görmədiyi bildirilir. Parkın mövcud vəziyyəti tarixi-mədəni dəyərlərin qorunmasının təxirəsalınmaz olduğunu göstərir.

Qeyd edək ki, Təbrizdə paralel olaraq “Gülüstan Bağı”nın dağıdılması da şəhərin tarixi irsinə vurulan zərərlərin bir hissəsidir. Bu səbəbdən şəhər əhalisi Təbrizin tarixi abidələrinin və mədəni məkanlarının qorunması üçün daha çox diqqət və tədbirlər tələb edir.

visiontv.az



Chosen
11
visiontv.az

1Sources