EN

İqlim dəyişikliyi və aqrar sektorda innovativ yanaşmalar

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin təşəbbüsü ilə COP29-un Yaşıl Zonasında “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib. Toplantıda Aqrar Kredit və İnkişaf Agentliyinin rəhbər şəxsləri, fermerlər, banklar da daxil olmaqla özəl sektorun, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, COP29 çərçivəsində Qida, Kənd Təsərrüfatı və Su Günündə keçirilən tədbirdən məqsəd aqrar sahənin inkişafı üzrə müəyyən edilən strateji prioritetlərin – dayanıqlı kənd təsərrüfatının təşviqi, fermerlərin maliyyə resurslarına çıxışının artırılması və beynəlxalq tərəfdaşlığın daha da gücləndirilməsi istiqamətində iqlimlə bağlı tədbirlərə töhfə vermək, bu istiqamətdə fermerlərə daha çox məlumat çatdırmaq olub.

Aqrar Kredit və İnkişaf Agentliyinin şöbə müdiri Rəşad Fəttahov dövlət dəstəyi mexanizmləri və onların təsirinin artırılması yolları mövzusunda çıxış edib. O, təmsil etdiyi qurum tərəfindən qəbul edilən yeni dəyişikliklərlə bağlı ətraflı məlumat verib, daha sonra dövlət dəstəkləri və ən son dəyişikliklərin fermerlər üçün yaratdığı imkanlardan danışıb.

İqlim dəyişiklikləri dövründə dayanıqlı kənd təsərrüfatı üçün innovativ texnologiyalardan istifadənin artırılmasının əhəmiyyəti mövzusunda çıxış edən “Beta Azərbaycan” MMC-nin regional müdiri Ahmet Arslan risklərin idarə olunması və məhsuldarlığın artırılmasına dair praktiki nümunələr təqdim edib, iştirakçılara, xüsusən də fermerlərə dayanıqlı təsərrüfat yaratmağın yolları barədə faydalı məlumatlar çatdırıb.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov kənd təsərrüfatının maliyyələşdirilməsində bankların və digər kredit təşkilatlarının rolu mövzusunda çıxış edərək dövlət – özəl tərəfdaşlığının dayanıqlı kənd təsərrüfatının əsaslarından biri olduğunu deyib. O, tədbir iştirakçılarına Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən alınan məlumatlarla fermerlərin maliyyə tarixçəsinin vizual təqdimatını nümayiş etdirib.

Qurumun sədr müavini kənd təsərrüfatının subsidiyalaşdırılması üzrə təqdimat keçirib, iştirakçılara Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində formalaşan dataların subsidiya siyasətinin formalaşmasına təsiri barədə məlumat verib. O formalaşan dataların dövlət dəstəyi mexanizmlərinin səmərəlilik göstəricilərini ölçməyə, vəsaitin daha optimal yönləndirilməsinə imkan verdiyini diqqətə çatdırıb.

Daha sonra agentliyin layihə və proqramlar şöbəsinin müdiri Fərid Əmirov çıxış edərək iqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirini azaltmaq məqsədli beynəlxalq təşkilatlar və donorlarla əməkdaşlığın artırılması istiqamətləri mövzusunda təqdimat edib. İqlim dəyişikliyinin qlobal təsirlərinə qarşı daha geniş əməkdaşlığın vacibliyini vurğulayan şöbə müdiri deyib ki, bu mənada beynəlxalq layihələrin və dövlət proqramlarının kənd təsərrüfatına olan müsbət təsiri nəzərə alınaraq xüsusilə qadın və gənc fermerlər üçün həyata keçirilən layihələr mühüm əhəmiyyət daşıyır.

Tədbir iştirakçıları xüsusi maraq doğuran digər mövzular ətrafında da geniş fikir mübadiləsi aparıblar.

 

Chosen
16
50
xalqqazeti.az

10Sources