EN

Büdcədə neft gəlirlərimiz 750 milyon manat azalacaq- 2 ciddi səbəb...

Image

Fuad İbrahimov: “Hələ ki, bu sahədə uğurlarımız arzuolunan səviyyədə deyil”

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektorundan gəlirləri 2024-cü illə müqayisədə təxminən 750 milyon manat az olacaq.  Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında bildirib.

Daha sonra nazir bunları qeyd edib: “Bunun səbəblərindən biri Azərbaycan neftinin büdcə qiymətinin 75 ABŞ dollarından 70 ABŞ dollarına endirilməsi, digər səbəbi isə neft yataqlarımızın ehtiyatlarının tükənməsidir”.

Burada çox ciddi azalmadan söhbət gedir. Görünən odur ki, neftdən əldə edilən gəlirlər getdikcə əsaslı şəkildə azalır və onların yeri digər sahələr hesabına doldurulmalıdır. O baxımdan yaxın perspektivdə neft gəlirlərinin yerini digər sahələrdən əldə edilən gəlirlərlə doldurmaq nə dərəcədə mümkündür?

“Sənayeni, kənd təsərrüfatını, xidmət sektorunu istənilən səviyyəyə qaldıra bilsək, o zaman neft gəlirlərini bununla əvəz edə bilərik”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Azalmanın olacağı gözlənilən idi. Birincisi, əvvəl neftin bir bareli 75 dollardan götürülmüşdüsə, gələn ilin büdcəsində bu, 70 dollar olacaq. İkincisi, neft hasilatının ümumi həcminin azalması, əlbəttə ki, proseslərə öz təsirini göstərir. Çünki bu, istər-istəməz daxilolmalara öz təsirini göstərir. Hasilatın azalması ortadadır və bunu ölkə rəsmiləri də bəyan edirlər. Ancaq hasilat azalsa da bəzi dövrlərdə neftin qiymətinin yüksək olması tələbatı qarşılayırdı. Nəzərə alsaq ki, dünyada geosiyasi qarşıdurma kəskinləşir, Ukraynada, Yəxın Şərqdə qarşıdurma dayanmaq bilmir, gələn il də neftin bahalaşacağı istisna olunmur. Dünya birjalarında qiymət əmələgəlmə prosesində elə təlatümlü trendlər əmələ gələ bilər ki, bu, bizim işimizə yarayacaq. O ki qaldı Azərbaycanın alternativ gəlirlərinə, burada bir sıra məqamlara diqqət etmək lazımdır. Azərbaycanın sənayesini, kənd təsərrüfatını, xidmət sektorunu istənilən səviyyəyə qaldıra bilsək, o zaman neft gəlirlərini bununla əvəz edə bilərik. Hələ ki, bu sahədə uğurlarımız arzuolunan səviyyədə deyil. Düzdür, Azərbaycan hələ ki, neft amilindən kifayət qədər asılıdır. Ancaq hesab edirəm ki, bizim müvafiq qurumlar işlədikləri dövrün hesabatını versələr yaxşı olardı. Şəffaf şəkildə görməliyik ki, bizim sənaye parklarımızda həqiqətən fəaliyyət istədiyimiz, arzuladığımız səviyyədədirmi? Yoxsa oxsa yalnız statistik məlumatlara əsasən açılıb və reallıqda o gücdə işləmir? Bəlkə nəyisə düzgün hesablamamışıq? Bəlkə istehsal olunan məhsulların bazarı yoxdur və istiqamətin dəyişməsinə ehtiyac var? Bütün bunlara aydınlıq gətirilməlidir. Bütün bunlarla bağlı statistik məlumatlarda irəliləyiş yoxdursa, ciddi düşünmək və çıxış yolları tapmaq lazımdır. Bir iqtisadçı kimi hələ ki, biz bu sahədə irəliləyiş görmürük. Hələ ki, Azərbaycanın ümumi ixrac gəlirlərinin 90 faizi neft və qazın payına düşür. Azərbaycan işğaldan azad edilən əraziləri sürətlə iqtisadi dövriyyəyə cəlb edir. Düşünürəm ki, bu istiqamətdə irəliləyiş mütləq şəkildə olmalıdır”.

Vidadi ORDAHALLI





Chosen
23
baki-xeber.com

1Sources