EN

Dünya ölkələri TƏŞVİŞDƏ – Rusiya Kiyevə nüvə zərbəsi endirməyə HAZIRLAŞIR?

Ukraynanın Rusiya ərazilərini ABŞ və Böyük Britaniyanın uzaqmənzilli raketləri ilə vurması regionda gərginliyi daha artırıb. Dünya hazırda bu zərbələrə Rusiyanın adekvat cavabının necə olacağından narahatdır. Hətta bu səbəbdən bəzi ölkələr Ukraynadakı diplomatik nümayəndəliklərinin fəaliyyətini dayandırıb. Azərbaycan və Qazaxıstansa oradakı vətəndaşlarına Ukraynanı tərk etmələri haqda müraciət edib.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna müharibəsinin 1000-ci günü – VİDEO


Bu, Rusiyanın nüvə silahından istifadə edəcəyi ilə bağlıdırmı?

Bölgədəki vəziyyəti Bizim.Media-ya şərh edən politoloq Zərdüşt Əlizadənin fikrincə, Rusiyanın bu addımı atacağı o qədər də real görünmür:

“Ukraynada vəziyyət gərgindir. Rusiya anlayır ki, Tramp yanvarın 20-də hakimiyyətə gəlsə, təxminən bir-iki ay ərzində komandasını formalaşdıracaq, sonra ortaya hansısa bir tələb qoyacaq. Rusiya bu tələbin nədən ibarət olacağını bilmir. Aydın deyil, bu tələb Rusiyanın mövqeyinə yaxın olacaq, yoxsa Ukraynanın? Ona görə də çalışır ki, aralıq dövrdə öz istəyinə çatsın. Elə bir mövqelər əldə etsin ki, münaqişə dondurulsa, danışıqlarda mövqeyi güclü olsun".

Z.Əlizadənin sözlərinə görə, Rusiya beynəlxalq hüququ tapdalayaraq işğal etdiyi Ukrayna vilayətlərini - Krım, Donbas, Luqansk, Xerson və Zaparojyeni öz ərazisi elan edib:

"Ukraynadan da tələb edir ki, bu ərazilərdən könüllü surətdə əl çəksin. Təbii ki, Ukrayna bu tələbi qəbul etmir və döyüşür. Döyüş üçün də silah-sursat lazımdır. Bayden administrasiyası isə silah-sursatı lazımi kəmiyyətdə vermirr. Hətta ABŞ Konqeresinin Ukraynaya yardım üçün ayırdığı məbləğ həcmində də vermirlər.

Bayden administrasiyası ilə “pişim-pişim”lə danışan Zelenski Trampın qələbəsindən sonra acı-acı dedi ki, ABŞ Ukraynaya elan etdiyi yardımın yarısını belə təqdim etmir. Bu o deməkdir ki, Qərb dövlətləri öz ənənəvi siyasətlərini davam etdirirlər.

Tramp isə seçki ərəfəsində demişdi ki, seçildiyim günün səhərisi müharibəyə son qoyacam.

Sonra dedi ki, andiçməyə qədər həll edəcəm. İndi isə heç nə demir. Çünki anlayır ki, vəziyyət mürəkkəbdir. Rusiyanın ortaya qoyduğu şərtlər qəbuledilməzdir. O, Qərb dünyası və Ukraynadan tələb edir ki, işğalın nəticələri qəbul edilsin və qanuniləşsin. Ukrayna öhdəlik götürsün ki, heç zaman NATO-ya daxil olmayacaq. Onun ordusu Rusiyanın icazə verdiyi həcmdə silahlara malik olsun. Bu da Ukrayna dövlətinin suverenliyinin ləğvi deməkdir.

Ukrayna bu şərtləri qəbul etməkdən imtina edir və döyüşür. Ukraynanınsa tələbləri tamamilə beynəlxalq hüquqa uyğun tələblərdir. 91-ci il sərhədlərinə görə, Ukraynanın torpaqları qayıtmalıdır. Bunu da Rusiya qəbul etmir. Ukraynanın  beynəlxalq hüquqa cavab verən tələblərinin yerinə yetirilməsi məsələsində Qərb Ukraynanın yanında deyil. Əsla! Necə ki, biz vaxtilə deyəndə ki, ərazi bütövlüyümüz beynəlxalq hüquq çərçivəsində təmin edilsin, Qərbin vecinə deyildi. Orada da həmin vəziyyətdir".

“Bu müharibə bəşəriyyətin sonu ola bilər”

Politoloqun fikrincə, Ukraynanın hərbi hədəflərə hücumundan sonra Rusiya onu nüvə müharibəsi ilə hədələyir:

"Buna görə də bir çox Qərb dövlətləri öz vətəndaşlarına məsləhət görüblər ki, Ukraynanı tərk etsinlər. Azərbaycan səfirliyi Kiyevdən çıxıb. Azərbaycan vətəndaşlarına da deyiblər ki, burada qalmaq təhlükəlidir, çıxmaq istəyirsinizsə, çıxın. Çünki heç kim Putinin necə davranacağını bilmir. Düşünürlər ki, birdən vurar. Amma fikrimcə, çətin vursun.

Əgər belə bir müharibə başlasa, Yer kürəsində bəşəriyyət olmayacaq. Nüvə müharibəsi haqda təsəvvürlərə malik olan olanlar gözəl anlayır ki, bu müharibə bəşəriyyətin sonu ola bilər".

“İnsanların can güvənliyinə təminat yoxdur”


Millət vəkili Fazil Mustafanın fikrincə isə Ukraynadakı diplomatik korpusların bağlanmasının səbəbi yalnız nüvə silahı məsələsi deyil:

“Ümumiyyətlə, artıq bu ölkədə təhlükəsizliyə təminat yoxdur. Müharibə bütün şiddəti ilə davam edir, insanların can güvənliyinə təminat yoxdur. Bu baxımdan belə bir qərar qəbul olunub. Yəqin ki, bu, gedişatda daha aydın olacaq”.

Millət vəkili  qeyd edib ki, Rusiyanın nüvə silahından istifadə ehtimalı da ciddi məsələdir:

"Nüvə silahı məsələsi böyük problemlər yarada bilər. Bu, elə-belə, sadə məsələ deyil. Yəqin bu mövzu ətrafında müzakirələr gedəcək. Bu məsələdə ABŞ-Rusiya dialoqundan, Çin-ABŞ dialoqundan çox şey asılıdır. Amma hər halda nüvə vasitələrinin işə salınması riski mövcuddur.

Bunu da istisna eləmək olmaz”.

Rəna Cumaqızı, Bizim.Media

Chosen
93
50
bizim.media

10Sources