EN

"Bağça tərbiyəçilərinin işdən uzaqlaşdırılması narahatlıq yarada bilər" - Deputat

Hələ ötən il gündəmə gələn məsələlərdən biri uşaq bağçalarında çalışan qeyri-ixtisas tərbiyəçi-müəllimlərin maaşları və dərəcələrinın azaldılması idi. Bu məsələ ciddi fikir ayrılığına səbəb olmuşdu. Bəzi deputatlar və ekspertlər belə qərarın sosial gərginliyi artıra biləcəyini vurğulayırdılar. Aparılan müzakirələr və üstəlik şikayətçilərin say çoxluğu Elm və Təhsil Nazirliyini geri addım atmağa məcbur etdi. 

Lakin bir ildən sonra məktəbəqədər təhsil müəssisələrinin kadr məsələləri yenidən gündəmə gəlib. Elm və Təhsil Nazirliyi bağça müdirlərini bir araya yığıb bildiriblər ki, qarşıdakı ayda qeyri-ixtisas tərbiyəçilərin maaşları və dərəcələri aşağı salınacaq. Burada söhbət yüzlərlə ailəyə dəyəcək maddi və mənəvi ziyandan gedir. 

Milli Məclisin deputatı Ceyhun Məmmədov Qaynarinfo-ya açıqlamasında burada bir neçə mühüm məqamın olduğunu deyib:
 


"Düşünürəm ki, bu gün bağçalardakı vəziyyət xeyli vaxtdır müzakirə edilir. Bağçalarda qeyri-ixtisasa malik xeyli insan müəllim kimi çalışır. Uzun müddətdir ki, Elm və Təhsil Nazirliyi bu məsələnin üzərində işləyirdi. Onların sertifikasiyaya cəlb edilməsi ilə bağlı açıqlamalar verilirdi.  Düşünürəm ki, burada biz bir neçə məqamı nəzərə almalıyıq. Bu prosesdə birdən-birə bütün tərbiyəçilərin uzaqlaşdırılması ciddi narahatlıq yarada bilər. Unutmaq olmaz ki, bəzi ailələr üçün həmin iş yerləri yeganə dolanışıq vasitəsidir. Bunu mütləq nəzərə almalıyıq. Digər tərəfdən, qeyri-ixtisasa malik olan bağça müəllimləri arasında öz işini peşəkarcasına yerinə yetirən insanlar da az deyil. Xatırladım ki, bizim 5500-dən yuxarı sertifikasiyadan keçməyən müəllimlərimiz var. Bu gün bağça müəllimlərini də onların arxasınca işindən uzaqlaşdırsaq, cəmiyyətdə gərginlik, narahatlıq yarana bilər. Belə qərarları radikal şəkildə həyata keçirtmək düzgün olmazdı". 

Deputat hesab edir ki, bu prosesdə mərhələli şəkildə aparılmalıdır: 

"Düşünmürəm ki, hazırda bağçalarda kifayət qədər müəllim və mütəxəssisimiz var. Görünən odur ki, bu sahə üzrə yetərli kadr hazırlığı  təminatımız yoxdur. Bu baxımdan, hazırda işləyənləri də kənarlaşdırsaq, ciddi boşluq yaranacaq. Ona görə düşünürəm ki, bu prosesin mərhələli şəkildə aparılmasına ehtiyac var. Birdən-birə biz buna qərar versək, ciddi çətinliklər yaranacaq. Proses mərhələli şəkildə həyata keçirilməlidir ki, sosial problemlərə gətirib çıxartmasın".

Ceyhun Məmmədov qeyd edib ki, bu məsələyə ciddi yanaşılmalıdır:

"Ona görə də kadr azlığını və insan amilini nəzərə alaraq bu prosesin mərhələli şəkildə həyata keçirilməsini məqsədəuyğun hesab edirəm. Əks təqdirdə, ciddi problemlərlə üzləşə bilərik". 

Bahar Rüstəmli
Chosen
37
qaynarinfo.az

1Sources