EN

Ukrayna dairəsində bu yeniliklər olacaq — Ekspert açıqladı

Xəbər verdiyimiz kimi, paytaxtda Ukrayna dairəsi yenilənir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə yeni layihə hazırlanıb. Bildirilib ki, ərazidə yol infrastrukturu, küçə-yol şəbəkəsi və nəqliyyat axını təhlil edilib:

“Həmin kəsişmə üçün ən optimal həll üsulu kimi turbo tipli dairənin inşası nəzərdə tutulub. Təklif layihəsi Nəqliyyatı Əlaqələndirmə Şurasında müvafiq qaydada təsdiq edilib. Təklif edilən turbo tipli dairə ölkəmiz üçün nizamlanmayan mürəkkəb yol kəsişmələrində yeni bir yanaşma, müasir həll yolu hesab edilir".

Hazırda dairənin standartlara uyğun olmaması burada bir sıra nəqliyyat problemlərinə səbəb olur.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında deyib ki, Ukrayna dairəsində indi xaotik bir hərəkət var:



"Dairəyə daxil olan küçələrdə iki-üç zolaqdan dairənin daxilində altı-səkkiz zolaqlı bir hərəkət müşahidə olunur. Bu da konflikt nöqtələrinin sayını çoxaldır. AYNA-nın paylaşdığı simulyasiyada da bunu görmək olur. Turbo dairənin təşkilindən sonra bu konflikt nöqtələr aradan qaldırılmış olacaq. Həmçinin dairə ətrafında fərqli hərəkət iştirakçılarının, piyadaların eyni səviyyəli, rahat hərəkəti təmin olunacaq. Dairəyə daxil olmadan nəqliyyat vasitələrinin yan yollarla rahat keçidi mümkün olunacaq. Axınların idarə olunması, ayrılması yönündə doğru qərar verilmiş olacaq. Ukrayna dairəsi indikindən daha rahat hərəkət etməyin mümkün olduğu bir dairəyə çevriləcək. Torbo dairə praktikası dünyanın aparıcı şəhərlərində illərdir tətbiq olunur. Yaxın qonşularımızda da bunun nümunələri var artıq. Tbilisidə və digər şəhərlərdə bu növ həlləri görmək olar".

Törə Zeynallı
Demokrat.az
Chosen
40
demokrat.az

1Sources