EN

İran paytaxtını niyə dəyişmək istəyir? – Əsas səbəblər sırasında bunlar var

İranda paytaxt dəyişikliyi mövzusu tez-tez gündəmə gəlir. Hazırda yeni prezident Məsud Pezeşkianın da son günlər yenidən sözügedən məsələni qaldırması bütün diqqəti Tehrana yönəltdi. Belə ki, o, ekoloji böhranın qarşısını almaq, iqtisadiyyat və bir çox başqa sahələrdə olan problemləri həll etmək üçün paytaxtın Tehrandan başqa yerə köçürülməsinin lazım olduğunu bildirib. Artıq bu istiqamətdə hazırlıqların başladığı da qeyd edilir. İddialara görə, İran üçün yeni paytaxt kimi ən uğurlu şəhər Şirazdır.

Paytaxtın dəyişdirilməsi İranın taleyini dəyişəcək? Bu ideyanın arxasında başqa hansı səbəblər ola bilər?

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, İranda paytaxt dəyişikliyi ilə bağlı 2018-ci ildən sonra bir sıra müzakirələr aparılır:

“Müxtəlif layihələr hazırlansa da rəsmi qərar qəbul edilməyib. İranda paytaxtın köçürülməsi üçün ciddi səbəblər var. İqlim problemi, təhlükəsizlik məsələləri və insanların çoxluğu buna aiddir. İranda iqtisadi durum olduqca pisdir. Əyalətlərdən Tehrana ciddi axın var. Bu da əslində şəhərin kifayət qədər yüklənməsinə səbəb olur. Bunun üçün uzun illərdir, paytaxt dəyişikliyi barədə müzakirələr aparılır. Hazırda isə Şiraz şəhəri ön plana çıxarılıb. Strateji baxımdan mövqeyi və yerinin uyğunluğu arqumenti irəli sürülür”.

Vüqar Zifəroğlu

Vüqar Zifəroğlunun sözlərinə görə, İranın paytaxtının dəyişməsinin iqtisadiyyat və digər sahələrə müsbət təsiri qədər siyasi baxımdan da avantajlı ola bilər:

“Seçilən paytaxtın İranın ictimai-siyasi həyatında nə qədər rol oynayacağını da nəzərə almaq lazımdır. İndiki rejim üçün Məşhəd, Şiraz və Qum kifayət qədər ciddi təsir gücünə malikdir. Tarixə nəzər salsaq paytaxt üçün başqa alternativlər – məsələn Təbriz, Həmədan, Qəzvin, Miyanə və s. də ola bilər.
Hər bir halda müzakirələr gedir. Zamanla hansı şəhərin paytaxt seçiləcəyinə qərar veriləcək”.

Chosen
66
turkustan.az

1Sources