EN

Şərəfli ömür səhifəsi

Vətənin minlərlə qeyrətli oğlu 44 günlük haqq savaşımızda mübarizə meydanında düşmənlə son damla qanına qədər vuruşaraq qazandıqları zəfərlə Azərbaycanın yenı,  şanlı tarixini yazdılar.  Xalqın qəhrəmanlıq simvolunu öz adında yaşadan belə qəhrəmanlardan biri də Astaralı şəhid Nurlan Rəhimovdur.  Nurlan cismən bizdən ayrılsa da, qürur mənbəyimizə dönərək mənə qəlblərdə yaşayır.

Qəlbi sevdalı bu, Vətən oğlu qısa ömrünə qəhrəmanlıq, mərdliklə bərabər yaxşı ailə başçısı olmağı da sığdırmağı bacardı. Özündən  sonra  canından artıq sevdiyi Vətəninə, xalqına əmanət qoyduğu Əlövsət və  Səidə  adlı övladları vardır. Azərbaycan qadınına məxsus bütün ali keyfiyyətlərini xasiyyətində cəm edən, gözəl ziyalı xanım olan   həyat yoldaşı  Səbinə Rəhimova hazırda Astara Pedaqoji Kollecində  çalışır. Burada  özünə görə hörmət və nüfuz sahibidir. Bu günlər kollecdə  şəhid Nurlan Rəhimova həsr olunmuş ”Bir şərəfli ömür səhifəsi” adlı tədbir keçirildi.

Tədbirdə sinəsini Vətənə sipər edib, onu alınmaz qalaya döndərən  zəfər  şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı , dövlət himni səslənildi.

Kollecin direktoru, şəhid atası K. Kazımov  tədbirin girış sözündə dedi:-  Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində yağı üzərində qazandığı möhtəşəm qələbəsi ilə  tarixin səhifələrini yenilədi. Bu gün hər birimiz firavan həyat sürürüksə, bu Vətən, torpaq naminə  döyüşüb  qəhrəmancasına şəhid olan oğlanların  hesabına yaranıb.     Onların hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarixdir. Milli-mənəvi birliyimiz,  qəhrəman oğulların  doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi.  Öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcısı  olmaqla  onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir.

Digər natiqlər-  Nurlan Rəhimovun qohumları- Hərbi Hava qüvvələrinin Zabiti Polkovnik Leytenant Emin Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət xidmətinin zabiti kapitan Ramin Hüseynov, şəhidin döyüş yoldaşı qazi Zamin Əsədov, kollecin məzunu, şəhid ailələrinin dostu qazi Abbas İbrahimli , Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı, şəhid ailələrinin daim yanında olan Fərqanə Mikayılova şəhidlə bağlı xatirələrini bölüşdülər.

Tədbirdə şəhidin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayişi oldu.

Şəhidin ömür-gün yoldaşı Səbinə Rəhimova çıxış edərək kollecin rəhbərliyinə və tədbirdə əməyi keçənlərə, şəhidin döyüş yoldaşlarına təşəkkür etdi.

Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Chosen
15
ikisahil.az

1Sources