EN

Xronika: "Ermənilər fürsət düşdükcə terror aktları törədir, azərbaycanlıları aradan götürürdülər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Haylar önə çıxan insanlarımızı ləkələyirdilər" adlı veriliş Ağbaba mahalının Amasya rayonunun Mağaracıq kənd sakini İsmixan Həsənovun həyat hekayəsinə həsr olunub.
O, doğma yurdunun hər qarışını, uşaqlıq illərindən başlayaraq yaşadığı kəndin bütün gözəlliklərini xatırladıb: "Kəndimizdə ancaq azərbaycanlılar yaşayırdı. Qış fəslində xizək sürmək, buz üstündə oynamaq, yazda isə əkin-biçinlə məşğul olmaqla yanaşı, günümüz dərs oxumaqla keçirdi. Oxumayan uşağın ailəsi özünü pis hiss edirdi".
Onun sözlərinə görə, 300 ailədən ibarət olan kəndin ətrafı bulaqlar, dağlar, yaylaqlar ilə əhatə olunmuşdu və camaat iş qurtarandan sonra dincəlmək üçün Poşta bulağına, Hacı Salman bulağına, Qumlu dağın ətəyindəki bulağa gedərdi.
Mağaracıq kənd sakini erməni vəhşiliyindən söz açıb, 1988-ci il hadisələri zamanı didərgin düşdüyünü söyləyib: "Bizi məktəbdən, işdən əmrlə çıxarmışdılar. Dekabr ayının 1-də hamımızın əmrini yazıb vermişdilər. Ermənilər azərbaycanlılara qarşı həmişə düşmənçilik mövqeyində olublar. Fürsət düşdükcə terror aktları törədir, qabaqcıl azərbaycanlıları aradan götürürdülər. Neçə-neçə günahsız soydaşımız erməni vandalizminin qurbanı olub. 1988-ci ildə Ermənistan rəhbərliyi və Daşnaksütyun Partiyası "Türksüz Ermənistan" ideyasını gerçəkləşdirmək üçün azərbaycanlıları öz doğma yurdlarından qovmağa başladılar. Zorla didərgin salınan insanlar böyük çətinliklərlə Azərbaycana pənah gətirdilər. Mən də ailəmlə birlikdə 1988-ci ilin dekabrında doğma kəndimizi tərk edərək əvvəlcə Sumqayıta, sonra isə Bakıya köçdük".
İ.Həsənov sonda 70 yaşında olmasına baxmayaraq, doğma yurduna qayıdacağına inandığını deyib və fikirlərini erməni dilində səsləndirib: "Biz Qarabağı necə qaytardıqsa, Qərbi Azərbaycana da eləcə qayıdacağıq. Ömrüm çatmasa da, uşaqlarım, nəvələrim ata yurdumuzu şənləndirəcəklər. Biz gəlirik, mütləq gələcəyik. Öz torpağımızı, ata yurdumuzu sevirik. Mən orada doğulmuşam, böyümüşəm, işləmişəm. Nəvələrim də gedib orada yaşamalıdır. Çünki bütün o torpaqlar bizimdir!"
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:
Chosen
72
25
oxu.az

10Sources