EN

“Akvarel yağışı” adlı rəsm sərgisində diqqət təbiətə, iqlimə, yaşıllığa yönləndirilib

Salyan Dövlət Rəsm Qalereyasında "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan “Akvarel yağışı” adlı rəsm sərgisinin açılışı olub. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən SİA-nın bölgə müxbirinə bildirilib ki, açılış mərasimdə çıxış edənlər gənc rəssamlara yaradıcılıq uğurları arzulayıblar.

Bildirilib ki, bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”dir və bu il çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir. Bu sərgi də həmin tədbirlərdən biridir. Dünyamızı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirləri, ətraf mühitin mühafizəsi, flora və faunanın qorunması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, yaşıllıqların bərpası haqqında söz açılmasının çox vacib olduğu qeyd edilib. Vurğulanıb ki, COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar da bu baxımdan çox mühüm hadisədir, məhz bu məqsədlə salyanlı gənc rəssamlar da sərgidə tamaşaçı diqqətini təbiətə, iqlimə, yaşıllığa yönləndiriblər.

Sonra “Akvarel yağışı” rəsm sərgisinə baxış olub. Yalnız akvarel texnikasında, natürmort və mənzərə janrında təqdim olunan əsərlərdə gənc və yeniyetmə rəssamlar ana təbiəti, yaşıllıqların qorunmasını, xüsusilə də çiçəkləri təsvir ediblər. Sərgidə 30 nəfərdən çox rəssamın 40-dək əsəri nümayiş olunub. Sərgi boyu gənc rəssamlar canlı formada rəsm əsərləri yaradıblar. Rəsm sərgisində Salyan Rayon Mədəniyyət Mərkəzinin solistlərinin ifasında təbiətə, çiçəklərə həsr olunan musiqilər səsləndirilib.

Qeyd edək ki, “Akvarel yağışı” rəsm sərgisi noyabrın 30-dək tamaşaçıların üzünə açıqdır.

Chosen
12
1
sia.az

2Sources