EN

Parisin pisliyi özünə qaldı

Fransa-Azərbaycan münasibətlərinin bu dərəcədə pisləşməsinin əsas günahkarı Makrondur


  Fransanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və bilavasitə sessiya zamanı ölkəmizə qarşı destruktiv mövqe nümayiş etdirməsi və Azərbaycanın sədrliyini hədəfə alması bu ölkənin qeyri-adekvat qüvvələr tərəfindən idarə olunduğunu göstərir. Bu qüvvələrin başında isə təbii ki, Fransanın hazırkı Prezidenti Emmanuel Makron dayanır. Fransadakı erməni lobbisinin diktəsi ilə hərəkət edən Makron Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsi və baş tutmaması üçün əlindən gələn hər şeyi etdi. Lakin onun boykot çağırışları, eləcə də bir çox dövlət başçılarını tədbirə qatılmamağa təşviq cəhdləri arzuladığı nəticələri vermədi. Azərbaycan Prezidenti İlham Əliyevin COP29-un Liderlər Sammitindəki çıxışı zamanı bəyan etdiyi kimi dünya Bakıda toplaşdı. Ölkəmiz BMT-nin mötəbər iqlim sammitinə uğurla ev sahibliyi etməyi bacardı. Beləliklə, Fransanın Azərbaycan əleyhinə təbliğatları uğursuzluqla üzləşdi. Xatırladaq ki, Fransanın Azərbaycandakı səfiri Ann Buayonun Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq Fransanın anti-Azərbaycan hərəkətlərinə etiraz səfirin diqqətinə çatdırılıb. Fransanın pozucu fəaliyyətlərinə son qoyması təkidlə tələb olunub. 
  Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Fransanın pisliyi özünə qalsa da, Parisin bu cür parazit davranışlarına göz yummaq fikrində deyilik. Ekspert diqqətə çatdırıb ki, Makron Fransası ölkəmizə qarşı qərəzli davranışlarına son qoymalıdır:

 "Eyni zamanda Yelisey sarayı normallaşma prosesini təhlükə altına salan addımlarını dayandırmalı, regionda gərginliyi artıran siyasətindən əl çəkməlidir. Ən əsası isə rəsmi Paris Ermənistanın geniş şəkildə silahlanmasını təmin edən, militarizmi və revanşizmi təşviq edən addımlarının sülh prosesinə ağır zərbə vurduğunu başa düşməli və bu cür təhlükəli, təhrikçi hərəkətlərin məsuliyyətini dərk etməlidir. Bu baxımdan, rəsmi Bakının Fransaya yönəlik xəbərdaredici addımlar atması çevik diplomatiyamızın təzahürüdür. Fransa ilə başqa dildə, başqa tonda danışmaq mümkün deyil. Bu ölkə yalnız nota dilini yaxşı anlayır, ədalətin gücü qarşısında geri çəkilməyə məcbur olur".
  Siyasi şərhçi vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan əleyhinə çirkin qarayaxma kampaniyalarına start verən Fransa, Azərbaycanın COP29-a ev sahibliyi edəcəyinin elan olunmasından sonra isə ölkəmizə qarşı açıq düşmənçilik mövqeyinə keçdi: "Bu addımlar ölkələrimiz arasında münasibətlərin tamamilə pisləşməsinə gətirib çıxardı. Fransa-Azərbaycan münasibətlərinin bu dərəcədə pisləşməsinin əsas günahkarı Makrondur. Lakin ümid edirik, Azərbaycanın xəbərdarlıqları Makronu reallıq hissinə qaytaracaq. Fransa Azərbaycanla normal münasibətlər qurmaq yolunu seçməlidir".  

Chosen
16
sherg.az

1Sources