EN

HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-yə (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. İri sahibkarlıq subyektləri müvafiq qanun dərc olunduğu gündən, yəni 30 iyun 2022-ci il tarixindən iki il, kiçik və orta sahibkarlıq subyektləri dörd il, mikrosahibkarlıq subyektləri isə altı il sonra HACCP sistemini məcburi qaydada tətbiq etməlidirlər.
Oxu.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistemin prinsiplərinin tətbiqinin sahibkarlar üçün bir çox fayda və üstünlükləri var. Belə ki, müəssisələrdə HACCP prinsipinin tətbiqi istehsal olunan məhsulun təhlükəsizliyini təmin edir. Kritik nəzarət nöqtələrini və onların kritik limitlərini müəyyənləşdirməklə və qeydlər aparmaqla müəssisələrin biznes prosesləri haqqında məlumatları asanlıqla əldə etməsinə şərait yaranır. O, qida təhlükəsizliyinə kollektiv yanaşmanı təşviq edir. Qida məhsullarının və qida məhsulları ilə təmasda olan səthlərin müəssisələrin daxili qida zənciri boyunca təhlükə və risk analizinin aparılmasını təmin edir. Müəssisələrdə təkmilləşdirmələrin aparılması üçün imkanlar və alətləri təqdim edir. Məhsulların ixracını, həmçinin satış imkanlarını asanlaşdırır. İşçilər arasında qida təhlükəsizliyi anlayışlarının və vərdişlərinin yaradılması proseslərini sürətləndirir. Həmçinin, HACCP qida müəssisələrində təhlükəsiz qida istehsalı üçün tələb olunan gigiyena şərtlərini müəyyən və təmin edir. İstehlakçıların sağlamlığına təhlükə yarada biləcək səbəbləri müəyyənləşdirməklə istehsal və xidmət mərhələlərində bu səbəbləri aradan qaldırır və etibarlılıq yaradır.
"Bildiririk ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Təlim Mərkəzi sahibkarlıq subyektlərinin əməkdaşları üçün HACCP mövzusunda təlim və məsləhət xidmətlərini təklif edir.
"Qida təhlükəsizliyi haqqında" Qanuna uyğun olaraq təşkil edilən təlimlər zamanı müəssisələrin saxlama anbarlarının, qida blokunun, mal qəbulu, mətbəx və emal sahələrinin HACCP prinsiplərinə uyğunluğu qiymətləndirilir, bu sistemin tətbiqinə kömək göstərilir, müvafiq məsləhətlər verilir. Həmçinin, əməkdaşlara HACCP-nin ictimai iaşə müəssisələrində düzgün tətbiq edilməsinə, idarəolunmasına, bu sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair təlimlər keçirilir. Xidmətlər zamanı mövzu ətrafında müzakirələr aparılır, iştirakçıların sualları cavablandırılır. Təlimin sonunda iştirakçılar sertifikatla təmin olunur. Təlimlərdə əldə olunan biliklər qida obyektlərində HACCP sistemini asanlıqla tətbiq etməyə imkan verir", - məlumatda deyilir.
Sahibkarlar HACCP mövzusunda keçirilən təlimlərdə iştirak etmək üçün info@afsi.gov.az elektron poçt ünvanına məktub göndərə və ya "1003" Çağrı Mərkəzinə zəng edə bilərlər.
Chosen
38
1
oxu.az

1Sources