EN

Nəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır?

Özümə məxsus nəqliyyat vasitəsini müəssisəyə icarəyə vermək istəyirəm. Vergi ödəyicisi deyiləm, avtomobili icarə müddətində özüm idarə edəcəyəm, lakin şirkətin işçisi deyiləm. Bu halda şirkətin hansı vergi öhdəliyi yaranacaq - yalnız icarə məbləğinə uyğun ödəmə mənbəyində vergi verəcək, yoxsa avtomobili özüm idarə etdiyimə görə əlavə vergi öhdəliyi olacaq?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda, vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyəverən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir. Sorğuda qeyd olunan halda, icarə müqaviləsində qeyd olunan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi tutulmalı və qalan vəsait icarəyə verən şəxsə ödənilməlidir.

Eyni zamanda, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 12-ci abzasına əsasən, muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar) üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

İkinci sualla bağlı nəzərinizə çatdırırıq ki, əgər şəxs işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunubsa, göstərilən xidmətə görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsində qeyd edilmiş aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda əmək müqaviləsi bağlanılması mütləqdir. Bu halda Vergi Məcəlləsinin 58.10-cu maddəsi tətbiq edilir. Həmin maddəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əlavə olaraq, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək məbləğdə, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək məbləğdə, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək məbləğdə cərimə edilir.

Chosen
11
1
vergiler.az

2Sources