EN

Kiçik ada dövlətləri Bakıda "iqtisadi güclərə qarşı üsyan qaldırdılar"- "bizim seçimimiz yoxdur"...

Image

Pərviz Heydərov: “İqlim dəyişikliklərinin qarşısının alınması məsələsində ən vacib şərtlərdən biri maliyyə məsələsidir”

Dünyada artan nüvə təhdidi ilə yanaşı, bundan heç də az təhlükəli hesab olunmayan iqlim kataklizmlərinin əmələ gətirdiyi fəsadlar var. 

Qlobal miqyasda baş verən iqlim dəyişikliklərinin ətraf mühitə neqativ təsirlərinin getdikcə intensivləşməsi ikinci məsələnin aktuallığını kəskin artırır və gözlənilən risqlərə qarşı bütün ölkələrin vahid platformadan çıxış etməsini, hazırlanan layihələrə maliyyə dəstəyinin göstərilməsindən ötrü imkanların birləşdirilməsini tələb edir. 

COP29 çərçivəsində jurnalistlərə açıqlamasında Millətlər Birliyi təşkilatının ("Commonwealth of Nations") Baş katibi Patrisia Canet Skotland iqlim maliyyəsi ilə bağlı razılığın əldə olunmasının vacibliyini bildirib. O deyib ki, bizim başqa seçimimiz yoxdur: “İnkişaf etməkdə olan kiçik ada dövlətləri ya dəniz səviyyəsinin qalxması nəticəsində su altında qalır, ya da iqlim böhranı səbəbindən aldıqları borcları ödəyə bilmirlər", - o vurğulayıb.

Qonağın sözlərinə görə, bu mənada dünya kiçik ada dövlətlərinin mövcudluğu ilə bağlı qərar verməlidir: "Onların mövcudluğu ilə bağlı təhdidlər sabahın deyil, məhz bu günün problemidir. Odur ki, planeti xilas etmək üçün maliyyə vəsaiti tapmalıyıq".

“Planetin qorunması, kiçik ada ölkələrinin mühafizəsi kimi məsələlərin həlli vacib hesab edilirsə inkişaf etmiş ölkələr bununla bağlı külli miqdarda vəsait ayırmalıdır”

Məsələ ilə bağlı fikir bildirən iqtisadçı Pərviz Heydərov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, iqlim dəyişikliklərinin qarşısının alınması məsələsində ən vacib şərtlərdən biri maliyyə məsələsidir: “Müvafiq maliyyə vəsaiti olmasa, Yer kürəsi, o cümlədən, ayrı-ayrı ölkələri iqlim dəyişikliklərindən mühafizə etmək barədə danışa bilmərik. Iqlimin dəyişikliyinin baş verməsində ən böyük günahkar inkişaf etmiş ölkələr sayılır. Sənayesi yüksək səviyyədə inkişaf edən, emal müəssisələri çox, təbii resursları zəngin olan ölkələr ətraf mühitə, ekologiyaya, atmosferə ciddi ziyan vurur. Ekoloji çirklənmənin, iqlim dəyişikliklərinin baş verməsinin məsuliyyəti inkişaf etmiş ölkələrin üzərinə düşür. Bu mənada da ən çox maliyyə vəsaiti ayrılmalı olan ölkələr məhz onlar olmalıdır. Onu da deyim ki, məlum məsələ ilə bağlı illik maliyyə ehtiyacı yüksək məbləğdə ölçülür. Bu barədə müxtəlif fikirlər mövcuddur. Il ərzində bu məbləğ trilyonlarla ABŞ dollar həcmində dəyərləndirilir. Bu da kifayət qədər böyük rəqəmdir. Həmin məbləğin maliyyələşdirilməsi ilk növbədə inkişaf etmiş ölkələrin üzərinə düşməlidir. O cümlədən, xırda ölkələrin qorunub, saxlanması da həmin ölkələrin üzərinə düşür. İnkişaf etmiş ölkələr məlum məsələnin həlli ilə bağlı konkret büdcə təyin etməli və ayırmalıdır”.

İqtisadçının sözlərinə görə, COP29 sessiyasında iqlim dəyişikliyi  müzakirə olunarkən ABŞ, Rusiya, Çin, Yaponiya və digər inkişaf etmiş ölkələr bu problemlə bağlı konkret büdcə vəsaiti ayırmaqda səxavətlilik nümayiş etdirmədi. Ona görə də məlum məsələnin həlli ciddi səy tələb edir: “Planetin qorunması, kiçik ada ölkələrinin mühafizəsi kimi məsələlərin həlli vacib hesab edilirsə inkişaf etmiş ölkələr bununla bağlı külli miqdarda vəsait ayırmalıdır”.

Günel CƏLİLOVA





Chosen
34
baki-xeber.com

1Sources