EN

“İlham Əliyev deyib ki, saqqalını qırx”- Paşinyana yeni hücum...

Image

Hüseyn İbrahimov: “Belə xəstə yanaşma müəyyən revanşist qüvvələrin mövqeyindən qaynaqlanır” 

Ermənilər o qədər xəstə düşüncəyə malikdilər ki, hətta baş nazir Nikol Paşinyanın saqqalını qırxmasında belə, Azərbaycan izi axtarırlar. Özü də bunu sıradan və adi bir erməni yox, 1993-1996-ci illərdə Ermənistanın baş naziri olan Hrant Baqratyan iddia edir: 

“Ötən gün parlamentdəki çıxışında Paşinyan Azərbaycana yeni güzəştlər elan edib. Mher Qriqoryan (Ermənistan Baş nazirinin müavini) məşhur “cənab 10%”dir. Bunu hamı bilir. O, sərhədin demarkasiyası üçün nə etməlidir? Yeri gəlmişkən, onun fasiləsi təxminən 3-4 saat davam edir. Nikol, Ermənistan olmadığına görə sən hansı ölkənin Baş nazirisən? Paşinyanın niyə saqqalını qırxdığını bilmirəm. Saqqal saxlamaq asan iş deyil. Məsələn, rəsmi səfərlər zamanı saqqalı yoxlayırlar. İçində partlayıcı canlı bitlər ola bilər. İndi bəlkə də İlham Əliyev deyib ki, saqqalını qırx”.

“Belə olan halda Nikolun saqqalını qırxmasının Azərbaycana nə dəxli var?”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, belə xəstə yanaşma müəyyən revanşist qüvvələrin mövqeyindən qaynaqlanır: “İstənilən hansısa addımı Azərbaycana güzəşt kimi təqdim etmək istəyirlər. Bu ilin aprelində Ermənistan hakimiyyəti Qazaxın 30 ildən artıq işğal altında olan 4 sərhəd kəndini geri qaytarmaq barədə qərar verdi. Dərhal revanşist qüvvələr bunu Paşinyanın güzəşti kimi təqdim edərək ona qarşı genişmiqyaslı aksiyalara start verdilər. Arqument də bu idi ki, guya birtərəfli olaraq güzəşt edən tərəf Ermənistandır. Ancaq keşiş Baqrat Qalstanyanın başçılığı ilə keçirilən mitinqlər bir nəticə vermədi. Çox keçmədi ki, aksiyaya qoşulanların sayı azalmağa başladı. Son zamanlar Paşinyanın bir sıra vəzifəli şəxsləri işindən azad etməsi, o cümlədən, xarici imicində də dəyişiklik etməsi onu göstərir ki, yeni imicə malik hakimiyyət qurmağa meyllidir. Nikol narahatdır ki, Bayden dönəmində ona göstərilən dəstək Tramp prezident olandan sonra davam etməyəcək. O üzdən, bir sıra kosmetik dəyişikliklər aparmaqla komandasını yeni imicdə təqdim etməyə çalışır. Belə olan halda Nikolun saqqalını qırxmasının Azərbaycana nə dəxli var? Bu, tamamilə xəstə düşüncənin məhsuludur. Paşinyan bəzi reallıqları dərk etdiyi üçün Azərbaycanla sülh sazişi imzalamaqda maraqlıdır. Çünki anlayır ki, davamlı olaraq vəziyyət belə davam edə bilməz. Ona görə də hansısa tədbirlər görür. Məhz bunu qəbul etməyən əvvəlki hakimiyyətlərin tör-töküntüləri hər vəchlə müqavimət göstərməyə çalışırlar. Hrant Baqratyan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın dövründə baş nazir olub və səriştəsizliyi üzündən bu vəzifədə elə də çox qala bilməyib. Bu kimi şəxslar yenidən hakimiyyətə gəlmək üçün bütün kompromis addımları baltalamağa çalışırlar”.

Vidadi ORDAHALLI





Chosen
52
baki-xeber.com

1Sources