EN

COP29-un bağlanış plenar iclası keçirilib

Bir sıra mühüm qərarlar qəbul edilib 

Noyabrın 23-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar iclası keçirilib. 

COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev son iki həftə ərzində tərəflərin çox gərgin işlədiyini bildirib, heç kimin Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmədiyini, dünyanın gözünün COP-a fokuslandığını deyib. O, yerdə qalan fikir ayrılıqları ilə bağlı fəal şəkildə işləməyi xahiş edib.

Sonra çıxış edən Braziliyanın ətraf mühit naziri Marina Silva bildirib ki, ölkəsində keçiriləcək COP30 konfransı bütün ölkələr arasında möhkəmlənəcək əməkdaşlığın nümunəsi olmalıdır.

O qeyd edib ki, bunun baş verməsi üçün COP29-da aparılan müzakirələr zamanı qarşılaşılan çətinliklərə baxmayaraq, yekun razılaşma əldə etməli, gücümüzü birləşdirməliyik. “Üzləşdiyimiz böhranı nəzərə alsaq, belə məsələlər təcili həll tələb edir. Bu razılaşmanın əldə olunması yalnız tərəflər arasında həmrəyliyin formalaşmasından asılıdır. Cəmiyyət bizdən yalnız məsuliyyətli addımlarla irəliləməyi tələb edir”, – deyə nazir vurğulayıb.

Daha sonra COP29 çərçivəsində keçirilmiş müzakirələrin hesabatları və iclasların protokolları, həmçinin razılaşdırılmış sənədlər təsdiqlənib. COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan edilməsi barədə qətnamə qəbul olunub.

Plenar iclasda Paris Sazişinin 6-cı maddəsi tam təsdiq olunub. Bu, yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqların onillik müddətdən sonra başa çatmasıdır. Sözügedən məsələ COP29 Sədrliyinin əsas prioritetlərindən biri idi və bu, Tərəfləri intensiv ikitərəfli texniki və siyasi danışıqlar vasitəsilə bu mühüm nailiyyətə doğru apardı. 

Bu strategiya illərlə davam edən çətin vəziyyətə son qoymağa kömək etdi və Paris Sazişinin sonuncu vacib bəndini yekunlaşdırır. Altıncı maddə iqlimlə bağlı hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarları təmin edir. Bu transsərhəd əməkdaşlıq sayəsində ölkələrin milli iqlim planlarının (NDCs) həyata keçirilməsi xərclərini ildə 250 milyard dollara qədər azaldacağı gözlənilir. COP29 Sədrliyi Tərəfləri bu vəsaiti daha böyük iqlim ambisiyalarına yenidən investisiya yatırmağa təşviq edir. Fevral ayında təqdim ediləcək növbəti nəsil NDCs-lər dünyanın 1,5 dərəcə hədəfinə olan ümidləri üçün mühüm əhəmiyyət daşıyır. İqlim diplomatiyasında ən mürəkkəb və texniki problemlərdən birinin həlli sayılan 6-cı maddə üzrə razılıq kömür zavodlarının istismardan çıxarılması, külək stansiyalarının qurulması və meşələrın salınmasını əhatə edir. Bu, inkişaf etməkdə olan dünyada yeni investisiya dalğası deməkdir. Altıncı maddə üzrə yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünün təmin edilməsində mühüm rol oynayacaq. Bu qərar, real, əlavə, yoxlanıla və ölçülə bilən emissiyaların azaldılması və aradan qaldırılması vasitəsilə karbon bazarlarının şəffaflığını və dayanıqlılığını təmin edərək, qlobal iqlim investisiyalarına təkan vermək üçün böyük potensialı ortaya qoyacaq. Qəbul edilmiş təlimatlar və qaydalar karbon layihələrinin praktikliyinin və inklüzivliyinin qorunub saxlanmasını təmin etmək üçün nəzərdə tutulub. Həmin təlimatlar və qaydalar elə təşkil olunub ki, onlar karbon layihələrinin öz praktikliyinin və inklüzivliyinin qorunub saxlanmasını təmin edir, insan hüquqlarına hörmət bəsləyir və davamlı inkişafa dəstək göstərir, o cümlədən ölkələrə və layihə tərtibatçılarına Paris Sazişi çərçivəsində inamla əməkdaşlıq etmək imkanı verir.

Tədbirdə inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olunub. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur. İtki və Zərər Fondunun (Loss and Damage Fund) yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınmışdır. Fond iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədi daşıyır. Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş COP28 zamanı Fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunub. COP29 Sədrliyi İtki və Zərər Fondunun fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addımlar atıb, İdarə Heyəti və Dünya Bankı ilə sıx əməkdaşlıq edib. Cari ilin sentyabrında Fondun İdarə Heyətinin Bakıda keçirilmiş 3-cü iclası zamanı Fondun fəaliyyətə başlaması üçün vacib tədbirlər görülüb, Fondun icraçı direktoru təyin edilib. COP29 çərçivəsində isə İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlər imzalanıb. Bunlar fondun İdarə Heyəti ilə Dünya Bankı arasında “Qəyyumluq Sazişi” və “Katibliyin Ev Sahibliyi Sazişi”, eləcə də Fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış “Ev Sahibi Ölkəyə dair Saziş”dir. Hazırda fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği 730 milyon ABŞ dollarından artıqdır. Əldə edilən bu nailiyyətlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın COP29 Sədrliyinin növbəti uğurudur.

Plenar iclasda Paris Sazişinin 13-cü maddəsinə uyğun olaraq İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması, qabiliyyət quruculuğu sahəsində inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstəyin göstərilməsinə dair qərar qəbul olunub. Qərar Paris Sazişinin 13-cü maddəsi ilə yaradılan Zənginləşdirilmiş Şəffaflıq Çərçivəsinin həyata keçirilməsi, o cümlədən inkişaf etməkdə olan ölkələr tərəfindən İkiillik Şəffaflıq Hesabatlarının hazırlanmasına maliyyə və texniki dəstəyin göstərilməsini ehtiva edir. Sənəddə COP29 Sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platforması da yer alıb. Həmin qərarda COP29 Sədrliyinin iqlim şəffaflığı sahəsində həyata keçirdiyi tədbirlər, o cümlədən, iqlim şəffaflığına həsr olunmuş bir sıra forumlar və qabiliyyət quruculuğu təlimlərinin təşkili, COP29-un iqlim şəffaflığı sahəsində əsas irsi olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının yaradılması tərəf dövlətləri tərəfindən alqışlanıb.

Plenar iclasın davamında yeni iqlim hədəfi qəbul olunub. Belə ki, COP29-un əsas prioriteti olan iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi qəbul olunub.

Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək. Bu vəsait dövlət, özəl, habelə çoxtərəfli mənbələr daxil olmaqla bütün mümkün mənbələr hesabına təmin olunacaq. Sənəd inkişaf etməkdə olan ölkələri könüllülük prinsipi əsasında iqlim maliyyəsinə töhfə verməyə çağırır.

Plenar iclasda, eyni zamanda, “Gender və iqlim dəyişikliyi”, “Uyğunlaşmaya dair qlobal hədəf”, “Şarm əl-Şeyx yumşaltma ambisiyaları və icra iş proqramı” da daxil olmaqla, bir sıra digər sənədlər təsdiqlənib.

Sonra çıxış edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29-da önəmli qərarların qəbul olunduğunu, bununla belə qarşıda xeyli görülməli işlərin dayandığını diqqətə çatdırıb. O, COP29-da iqlim maliyyə hədəfinin 3 dəfə artırılması barədə razılığın əldə edildiyini, bunun iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalanlara dəstək üçün önəmli olduğunu deyib. Saymon Stil təxminən 10 il davam edən çətin fəaliyyətdən sonra COP29-da qlobal karbon bazarı barədə razılığın əldə olunmasını yüksək qiymətləndirib. 

COP29 Prezidenti Muxtar Babayev Azərbaycan Prezidenti İlham Əliyevə tədbirin yüksək səviyyədə təşkilinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, BMT-nin rəhbərliyinin və müvafiq qurumlarının, Azərbaycanın dövlət orqanlarının, COP29 Əməliyyat Şirkətinin, könüllülərin fəaliyyətini vurğulayıb.

Plenar iclas işini müxtəlif ölkələrin nümayəndələrinin çıxışları ilə davam etdirib.  

AZƏRTAC

 

Chosen
89
29
xalqqazeti.az

10Sources