EN

"Təcavüzkara deyil, insanlara dəstək vermək gərəkdir" - Zelenski

"G20 sammitinin zəifliyi Putinə yeni raketlərlə Ukraynaya zərbə endirməyə imkan verib..."
 
Braziliya prezidenti Lula da Silva G20 sammitində zəiflik nümayiş etdirib və orada Ukraynaya dəstək "çox zəif" olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Ərzaq Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda bəyan edib. Məlumatı "Grain for Ukraine" nəşri yazıb.
 
"Braziliya böyük ölkədir, mən bilirəm ki, orada əksəriyyət insanlar Ukraynaya dəstək verir. Mən buna görə minnətdarlıq etmək istəyirəm. Təəssüf ki, G20 sammitində Ukraynaya dəstək çox zəif olub. Braziliyada insanlar bizə dəstək verdiklərinə görə mən onlara yalan danışmaq istəmirəm", - o, deyib.
 
"Mən birbaşa deyirəm: əgər xalqlarımız arasında normal münasibətlər olmasını istəyiriksə, dünyada ilk növbədə Putin kimi, Rusiya kimi təcavüzkarlara deyil, insanlara dəstək vermək lazımdır", - Zelenski deyib.
 
Ukrayna prezidentinin sözlərinə görə, G20 sammitində "çox sadə olmayan" və "kifayət qədər qalmaqallı" vəziyyət yaranıb və yekun bəyanatda Ukrayna haqqında çox az deyilib.
 
"Təəssüf ki, Braziliya lideri bu müharibə ilə bağlı özünü zəif tərəfdən göstərib. Hərçənd, bizim aramızda bir dəfə Birləşmiş Ştatlarda yaxşı dialoq baş tutub. G20 sammitində Braziliya Putin və Rusiya təcavüzü ilə bağlı öz səsini ucaltmayıb, səsi çox zəif olub", - Zelenski deyib.
 
"Sülh danışıqları "güclü ölkələrin" günahından təxirə salınır..."
 
Zelenski deyib ki, hazırda Rusiya ilə sülh danışıqlarının mənası yoxdur, çünki "güclü ölkələr" gələcək sazişlə bağlı dəqiq mövqeyə malik deyil. Diktator Putini danışıqlar masası arxasında yeni şərtlər irəli sürmək deyil, bu müharibəyə son qoymağa məcbur etmək üçün birgə mövqe gərəkdir.
 
"Bu gün, ədalətli sülhə tərəfdar olan güclü ölkələrin dəqiq mövqeyi olmadan onunla danışıqlara getmək, sadəcə, zamanın uzadılması deməkdir. Ölkələr birgə hərəkət etməlidir", - Zelenski deyib.
 
O, əmin olduğunu ifadə edib ki, Kreml danışıqlara hazır olduğunu yalnız bəyan edir, əslində isə o, KXDR əsgərlərini müharibəyə cəlb edir və Ukraynaya yeni raketlərlə zərbələr endirir. Zelenskinin fikrincə, öz hərəkətlərilə Putin "üçüncü dünya savaşına yol açır".
 
"General səngərdə olmalıdır..."
 
Zelenski ordunun idarəetmə sistemində mümkün dəyişiklikdən və briqada əvəzinə korpus sisteminə keçiddən danışıb.
 
Burada başlıca vəzifənin orduda bürokratiyanın azaldılması və zabitlərin əsgərlərə daha yaxın olmasıdır.
 
"Bu, çox vacibdir, zabit əsgəri görməlidir. Səngərdə olmayan general mənim üçün, təcrübəsinə rəğmən, general deyil. Bu gün ən mürəkkəb vəziyyət ön cəbhədə, səngərdədir. Generallar səngərdə olmalıdır. Bax, bu, belə savaşdır", - prezident deyib.
 
Zelenskinin sözlərinə görə, əsgərlərin mənəvi vəziyyəti son dərəcə vacibdir. "Əgər bu gün hərbçilərin təklif etdiyi "korpus-briqada" sisteminə keçid generalla əsgər arasında məsafənin və bürokratiyanın azaldılması deməkdirsə, qoy belə də etsinlər", - o, əlavə edib.
Chosen
53
50
moderator.az

10Sources