EN

"COP29-un müvəffəqiyyəti könüllülərin dəstəyi olmadan mümkünsüz idi" - Atif Qəmbərov

Bakıda işini başa vuran BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) öz töhfəsini verənlər sırasında könüllülər də var idi.

“Report”a müsahibəsində COP29 Əməliyyat Şirkətinin İşçi Qüvvəsi Departamenti üzrə Direktoru Atif Qəmbərov könüllülərin konfransın gedişatında rolundan, onların seçim mərhələsindən, COP öncəsi təlimlərindən danışıb:

Könüllülər COP29-un uğurunda nə qədər vacib rol oynadılar?

Böyük miqyaslı beynəlxalq tədbirləri könüllülərin töhfəsi olmadan təsəvvür etmək çətindir. COP29 yalnız qlobal ekoloji konfrans deyildi. O, eyni zamanda gənclərin inkişafını və prosesdə fəal iştirakını təşviq edən bir platforma idi. Könüllülərimiz tədbirin müxtəlif təşkilati işlərinə cəlb olunaraq peşəkarlarla birgə çalışmaq imkanı qazandılar. Bu, onların fərdi və peşəkar inkişafına əhəmiyyətli dərəcədə töhfə verdi.

Geri baxaraq qürurla deyə bilərik ki, əvvəlki tədbirlərimizdə yetişdirdiyimiz gənclərin bir çoxu bu gün öz sahələrində peşəkar mütəxəssislər kimi fəaliyyət göstərir. Bu, bizim könüllü proqramlarımızın effektivliyinin və dayanıqlılığının əyani sübutudur.

COP29 Könüllü Proqramına nə qədər insan müraciət etmişdi və seçim mərhələsi necə idi?

COP29 Könüllülük Proqramını 29 may tarixində elan etdik və təkcə 24 saat ərzində 9 mindən çox müraciət aldıq. Qeydiyyat müddətinin sonunda isə müraciət sayı 16 mini keçdi. Belə bir marağı gördükdə tədbir üçün 3 min könüllünün cəlb olunmasını planlaşdırdıq.

Ən uyğun namizədləri seçmək üçün dörd mərhələli seçim prosesi həyata keçirdik. İlkin olaraq, qeydiyyatlar yoxlanıldı və 10 min uyğun müraciət edən şəxs müsahibələrə dəvət olundu. Müsahibələr zamanı onların motivasiyası, komanda ilə işləmək bacarıqları və xarici dil bilikləri qiymətləndirildi. Xüsusi rollar üçün namizədlərin müvafiq sahələr üzrə təcrübəsi də nəzərə alındı. Müsahibələrdən uğurla keçən namizədlər ümumi və rol təlimlərinə dəvət olundular.

Könüllülər hansı təlimlərdən keçdilər?

Təlim prosesi (təlimlərin gündəliyi) irimiqyaslı və beynəlxalq bir tədbirin tələblərinə uyğun olaraq xüsusi hazırlanmışdı. Könüllülər ümumi və rol təlimləri ilə yanaşı, liderlik, kommunikasiya bacarıqları, ekoloji və sosial dayanıqlılıq, müyəssərlik kimi mövzuları əhatə edən seminar və təlimlərdə iştirak etdilər.

Eyni zamanda, “E-learning” onlayn öyrənmə platforması vasitəsilə könüllülərimiz, əməkdaşlarımız və cəmiyyətimizin dayanıqlılıq haqqında maarifləndirilməsi üçün təlimlər təşkil etdik. Bu təlimlər bizə həm könüllülərin peşəkar inkişafına töhfə vermək, həm də onları müxtəlif şöbələrə uyğun olaraq istiqamətləndirmək imkanı yaratdı. Onlayn təlimləri 7 mindən artıq insan izlədi.

Könüllülər COP29 zamanı hansı vəzifələri icra etdilər?

Könüllülər 17 şöbə üzrə 35 fərqli rolda fəaliyyət göstərdilər. Onların vəzifələri hava limanında qonaqları qarşılamaq, nəqliyyatın təşkili, mehmanxanalara yerləşdirilməsi və tədbir məkanı olan Bakı Stadionundakı əməliyyatlara dəstək göstərmək kimi müxtəlif sahələri əhatə edirdi.

Könüllülərimiz yalnız qonaqlara deyil, eyni zamanda əməkdaşlarımıza və BMT nümayəndələrinə əməliyyatların müvəffəqiyyətlə icrasında mühüm dəstək göstərdilər. Onların çevikliyi və peşəkarlığı tədbirin bütün mərhələlərində özünü göstərdi.

Bu proqramın könüllülərə nə kimi faydası oldu?

Proqram gənclərə bacarıqlarını inkişaf etdirmək və peşəkar şəbəkələrini genişləndirmək üçün misilsiz imkanlar təqdim etdi. Onlar müxtəlif sahələrdə mütəxəssislərlə birgə çalışaraq dəyərli bilik və təcrübə əldə etdilər. Bir çox könüllümüz üçün bu təcrübənin onların həyatında dönüş nöqtəsi olduğuna və gələcək karyeralarına daha inamlı şəkildə hazırlayacağına əminik.

Ümumilikdə könüllülərin töhfəsini necə qiymətləndirirsiniz?

COP29 ölkəmizdə indiyədək keçirilmiş ən böyük beynəlxalq tədbir idi və onun müvəffəqiyyəti könüllülərin əvəzolunmaz dəstəyi olmadan mümkün olmazdı.

Könüllülərimizin tədbirin hər aspektində göstərdikləri dəstək komanda ruhunun və özlərini işlərinə həsr etmələrinin bariz nümunəsi idi.

Xüsusilə vurğulamaq istərdim ki, qonaqlarımız tərəfindən də könüllülərin işi yüksək qiymətləndirildi. Onlar COP tarixində belə bir səviyyədə könüllülərin fəaliyyətinə şahid olmadıqlarını qeyd etdilər. COP29 ilə bağlı təəssüratlarını soruşduqda, könüllülərimizin fəaliyyəti daim xüsusi olaraq vurğulanırdı.

Eyni zamanda, bu işlərin yüksək səviyyədə təşkilində işçi qüvvəsi komandasının rolu böyükdür. Onların səyləri tədbirin müvəffəqiyyətlə həyata keçirilməsində mühüm rol oynadı.

Gələcəkdə də gənclər üçün yeni imkanlar yaratmağa və onları qlobal təşəbbüslərə töhfə verməyə təşviq etməyə davam edəcəyik. COP29 Könüllülük Proqramının mirası gələcək nəsillərə ilham verəcək.

Chosen
30
2
azpolitika.info

3Sources