Sumqayıtda keçirilən matçla Misli premyer-liqasında 14-cü tura yekun vurulur. Şəhərin eyniadlı təmsilçisi "Şamaxı"nı qəbul edir. Oyunda ikinci hissə oynanılır və hesabda bərabərlik var - 1:1. Bu öz yerində.
Məlum olduğu kimi, "kimyaçılar" Sumqayıt şəhərinin 75 illiyi ilə bağlı "açıq qapı" elan edib. Yəni azarkeşlər üçün bilet satışı həyata keçirilməyib. Onlar stadiona sərbəst girə və istədiyi oturacaqda əyləşib oyunu canlı izləyə bilər.
Üstəlik qarşılaşmadan əvvəl tərəfdarların iştirakıyla əyləncəli oyunlar keçirilib və qaliblər mükafatlandırılıb. Fasilədə baş tutan daha bir oyunda meydana dəvət edilən 5 azarkeş mərkəzdən "çərçivə"ni nişan alıb və topu boş qapıdan keçirənlərə klubun forması və şərfləri hədiyyə edilib.
Azarkeşlərin tribunalara vəlb edilməsiylə bağlı görülən işlər bununla bitmir. Belə ki, matçın afişaları şəhərdə əhalinin gur olduğu yerlərə, obyektlərə və ictimai nəqliyyat vasitələrinə yapışdırılıb. Hətta elektron afişalar mərkəzi küçələrdə nəhəng monitorlar tərəfindən yayınlanıb. Belədə sumqayıtlıların stadiona axışacağı, komandaların dolu tribunalar önündə meydana çıxacağı proqnozlaşdırılırdı. Lakin gözləntilər özünü doğrultmadı. Hazırda "Mehdi Hüseynzadə"də cəmi 4500 azarkeş var. Başqa sözlə, 9502 yerlik stadionun yarısı belə dolmayıb.
Görəsən, azarkeşlər həftəsonu, münasib vaxtda və əsl futbol havasında keçirilən oyuna niyə belə biganəlik nümayiş etdirir? Maraqlı və qəribədi...
KƏNAN BAHADIR