EN

Tovuzdakı nəticəyə rəqiblər sevindi

Bu gedişlə Vaqif Cavadov “Sumqayıt”ın daimi baş məşqçisinə çevriləcək. Samir Abasovun gedişindən sonra müvəqqəti olaraq bu postu tutan əvəzedici komandanın çalışdırıcısı ümidi doğruldur. Onun yetirmələri dünən “Şamaxı” üzərində əzmkar qələbə qazanmaqla vəziyyətini bir qədər də yaxşılaşdırdı.

“Kimyaçılar” artıq 4-cü pillədədir və ilk “dördlüy”ün qapısını döyür. Komanda sabitliyi yaxalaya bilsə, qışadək son sıralardan xeyli uzaqlaşacaq. Düzdür, Cavadovun işinə qiymət vermək üçün tezdir. Çünki bu heyəti yığan da, hazırlığı təşkil edən də Abasov olub. Vaqif bəyin əsl bacarığı mövsümün ikinci yarısında ortaya çıxacaq. İndiki duruma görə isə “Sumqayıt”a gözlənilən əcnəbi məşqçi təyinatı ertələnəcəyə bənzəyir.

Əvəzində “Şamaxı”nın vəziyyəti pisləşməyə davam edir. Bölgə klubu ikinci dövrəni birincidə olduğu kimi uğurlu keçirməyi bacarmadı. Bu səbəbdən komanda artıq 7-ci pillədədir və autsayderdən iki qələbəlik məsafədədir. Növbəti turda “Kəpəz” Şamaxıda qələbə qazana bilsə, vəziyyət daha da qəlizləşəcək.

Turun mərkəzi matçına gəlincə, heç-heçə komandaların heç birini qane etmədi. Amma məğlubiyyətdənsə, bir xal daha yaxşı oldu. Liderlərlə xal fərqi artsa da, “Turan Tovuz” rəqibinə yaxınlaşmaq, “Sabah” isə uzaqlaşmaq imkanı vermədi. Çox güman ki, avrokuboka vəsiqə uğrunda mübarizə mövsümün sonunadək davam edəcək.

Qərb bölgəsindəki matç baxımlılığı, azarkeş marağı baxımından da diqqət çəkdi. Tovuzlular ardıcıl 2-ci heç-heçəylə büdrədisə, bakılılar artıq 7 oyundur qələbəyə həsrətdir. Məhz bu səbəbdən nəticənin əsas rəqibləri daha çox sevindirdiyini vurğulamalıyıq.

ABBAS

Chosen
25
futbolinfo.az

1Sources