EN

SEPAH-la taktiki təlimlər bu dövlətləri qıcıqlandıracaq

Azərbaycan Ordusunun Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı qüvvələri ilə “Araz-2024” birgə taktiki təlimlərinin keçirilməsi bir çox suallar doğurur və geniş müzakirəyə səbəb olmalıdır.

Əvvəla, İranın regiondakı tarixi siyasəti və son illərdə Azərbaycana qarşı nümayiş etdirdiyi açıq-aşkar qeyri-dost mövqeyi kontekstində bu təlimlərin məqsədi nədir? İran uzun müddətdir ki, Azərbaycanın suverenliyinə qarşı bir sıra təxribatçı addımlarla diqqət çəkir.

Ölkəmizə qarşı ideoloji və siyasi təzyiqlər, Ermənistanın hərbi-siyasi dəstəklənməsi, İran-Azərbaycan sərhədində gərginliklər və Tehran rejiminin Azərbaycandakı qeyri-qanuni fəaliyyəti (şəbəkələr və dini radikalların dəstəklənməsi kimi) hər birimizin yadındadır. Bu fonda SEPAH ilə hərbi əməkdaşlığın strateji əsaslandırması ciddi suallar doğurur.

Hərbi əməkdaşlıq, adətən, dövlətlərarası qarşılıqlı inam və ortaq maraqlar əsasında qurulur. Lakin İranın Azərbaycanın suveren ərazisinə – Qarabağa və Zəngəzur dəhlizinə qarşı mövqeyi, Ermənistanla strateji tərəfdaşlığı və bəzi hallarda birbaşa təhdid ritorikası Azərbaycana qarşı yönəlmiş kimi görünür. Belə bir dövlətlə hərbi təlimlərin keçirilməsi Azərbaycanın milli maraqlarına xidmət edirmi? Bu təlimlər regionda Azərbaycanın tərəfdaşlıq etdiyi digər strateji müttəfiqlər (Türkiyə, İsrail,) tərəfindən necə qarşılanacaq? Bu sualları gündəmə gətirmək tənqid deyil, milli maraqlara sadiq bir vətəndaşın haqlı narahatlığıdır. Azərbaycan dövlətinin maraqları hər zaman ön planda olmalıdır və hərbi əməkdaşlıq məsələlərində bu maraqlar aydın şəkildə nəzərə alınmalıdır.

Natiq Səlim,

KONKRET.az

Chosen
32
konkret.az

1Sources