EN

Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib

"SalamNews” informasiya agentliyi və "İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmədovanın sədrliyi ilə keçirilən prosesdə Mətləb Bağırovun xarici ölkələrdən cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməsində kuryer qismində iştirak edən Türkiyə vətəndaşı Kefsiz Hüseyin Abdulqani oğlu dindirilib.

O, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək Mətləb Bağırovu şəxsən tanımasa da, xarici ölkədə fəaliyyət göstərən Nedim Kaya adlı tanışının xahişi ilə Mətləb Bağırova üçüncü ölkələrdən tanımadığı şəxslər tərəfindən göndərilən külli miqdarda pul vəsaitlərini 2022-2023-cü illər ərzində hissə-hissə olmaqla onun Bakı şəhərində olan nümayəndələri Fərid, Ramiq və adlarını xatırlamadığı digər şəxslərə şəxsən verdiyini, sonuncu dəfə 2023-cü ilin yanvar ayında xaricdən Mətləb Bağırov üçün göndərilən 50 min ABŞ dolları məbləğində pul vəsaitini Nərimanov rayonu ərazisində sonuncunun nümayəndəsi Fərid adlı şəxsə hissə-hissə verdiyini bildirib.

Dövlət ittihamçısının "əgər həmin pul qanunsuz deyildisə, niyə Bakıda kiməsə çatdırmaq üçün sizə verirdilər, həmin adam özü çatdıra bilməzdimi?" sualına cavab olaraq şahid deyib ki, pulu xarici ölkədən göndərən şəxsi uzun müddətdir tanıyır və onun dostudur. Şahid qeyd edib ki, dostunun niyə pulu çatdırmaq üçün onu seçdiyini bilməyib.

Məhkəmənin növbəti iclası dekabrın 2-nə təyin olunub.

Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov ötən il yanvarın 30-da həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb.

Ona Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və 213 (vergidən yayınma) və digər maddələri ilə ittiham irəli sürülüb.
 

Chosen
11
16
7news.az

10Sources