EN

"Neftçi" üçün o günlər çox uzaqda deyil...

"Neftçi" Samir Abasovun rəhbərliyi altında meydana çıxdığı 5-ci matçında ikinci qələbəni aktivinə yazdıra bildi.

"Şamaxı" ilə matçdakı bərabərlik, "Araz Naxçıvan"a məğlubiyyət ilk iki oyundakı uğurlu nəticədən doğan ümidlərə kölgə salmışdı.

Xüsusilə "şirlər"lə matç.

Amma son iki oyundakı uğursuzluğa rəğmən, Abasovun "ağ qaralar"a bir tərpəniş gətirdiyi aydın sezilirdi.

Sadəcə arzulanan futbolu oyunun bütün dəqiqələrinə daşımaq problem idi. Əsas maneə fiziki hazırlıq idi.

Milli komandalara görə yaranmış iki həftəlik fasilə bu baxımdan yeni çalışdırıcı üçün səhrada su tapmağa bərabər idi.

"Zirə" ilə matç hardan baxsaq paytaxt klubu üçün həlledici sayıla bilərdi.

Abasov bəlkə də ən ağır sınağın birincisindən üzüağ çıxa bildi.

Həm də ikinci yarıda bərabərlik qolunu buraxdıqdan sonra üstünlüyü ələ alaraq önə keçməklə.

Yəqin ki, 51-ci dəqiqədə qonaqlar hesaba tarazlıq gətirəndə əksəriyyətin ağlında "bu oyunda da "Neftçi" üçün xal ümidi bitdi" fikri keçdi.

Axı əvvəlki qarşılaşmalarda 50-55 dəqiqə meydanda duruş gətirən "Neftçi" futbolçuları bundan sonra nə edə bilərdilər?

Amma etdilər.

Bəlkə də bu mövsüm ilk dəfə "Neftçi" son yarım saatda oyunda qalmaq gücünü ortaya qoya bildi.

Topa yiyələnərək kifayət qədər iddialı rəqibini qapısına sıxdı.

Düzdü, real qol imkanları yox kimi idi.

Amma rəqib qapı həndəvərində var-gəl etmək asanlaşmışdı.

Bu, fiziki hazırlığın nisbətən düzəlməsindən xəbər verir.

Daha qarşımızda canı ilə əlləşən, 90 dəqiqənin bitməsini arzulayan yox, qələbə üçün alışıb-yanan "Neftçi" var.

Abasovun dediyinə görə, bu, görmək istədiyi "Neftçi"nin 10 faizidir.

Gör, bu faiz çox yox, 60-70 faizə yüksələndə qarşımızda hansı "Neftçi" duracaq.

Bu gedişlə o günlər də çox uzaqda deyil.

XANOĞLAN İMANOV

Chosen
20
sportinfo.az

1Sources