EN

Ruben Amorim MY-dəki debüt oyununu şərh etdi

“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim Premyer Liqa təmsilçisinin “sükanı arxasındakı” ilk oyununu şərh edib.

Arena.az xatırladır ki, “qırmızı şeytanlar” Premyer Liqanın 12-ci turu çərçivəsində ötən gün səfərdə “İpsviç Taun”la qarşılaşıblar.

Oyun 1:1 hesabıyla yekunlaşıb. Maçtdan sonra Amorim debütündəki heç-heçə barədə bunları söyləyib:

“Bir az gərgin idim, çünki oyunda nə baş verəcəyini başa düşmək mümkün deyil. Bunu hiss etdim. Oyunçular çalışırdılar, amma oyun zamanı çox düşünürdülər, bu, isə normaldır.

Oyuna çox yaxşı başladıq, lakin topa daha çox sahib olmalı və onu daha çox qoruyub saxlamalı idik. Bəzən müdafiədə daha çox topa sahib olursunuz, lakin digər oyunçular harda olmalı olduqlarını düşünərək çox passiv qalırlar.

Bu, əsas məqamdır: yeni struktur quranda və hər şey çox aydın olanda, oyun üçün müəyyən axıcılıq qazanmaq üçün vaxt lazımdır. Bunu hiss etdim, amma hələlik iki məşqimiz olub və onlar pis çıxış etməyiblər”.

Klubda vəzifəsinin icrasına başlamasından cəmi 13 gün keçməsinə baxmayaraq, Amorimin fəlsəfəsinin izləri “İpsviç Taun”a qarşı oyunda açıq şəkildə görünürdü. MY azarkeşlərinin gözlədiyi qədər axıcı olmasa da, baş məşqçi bu üslubun ən başdan tətbiq olunmasının inkişaf üçün ən yaxşı yol olduğuna əmindir:

“Oyunçular çox düşünürlər, çünki hər şey çox fərqlidir. Bəzi detalları dəyişiblər, əvvəllər topu ötürüb irəli qaçırdılar, indi isə geriyə keçməlidirlər. Bu cür şeylər üzərində çox düşünməlidirlər. Qısa müddətdə oyunçular üçün hər şeyin öhdəsindən gəlmək çətindir, amma iki yolumuz var: ya yeni ideyanı unuduruq – düşünürəm ki, mən mövsümün ortasında buna görə bura gətirilmişəm – və onların öyrəşdiyi şeyləri tətbiq edirik, amma gələn il eyni mərhələdə eyni problemlərlə üzləşəcəyik. Ya da indi başlayırıq, bir az risk edirik, bir az əziyyət çəkirik və gələn il bu nöqtədə daha yaxşı olacağıq. Beləliklə, bir az risk etmək məcburiyyətindəyik”, deyə Ruben Amorim yeni komandasındakı ilk rəsmi oyunu ilə bağlı söyləyib.

Chosen
30
arena.az

1Sources