EN

Hərbi gücümüzün artırılması əsas hədəflərdəndir

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir

«Hesab edirəm ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı və mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim. Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir.» Dövlət başçısı İlham Əliyev bu ilin fevralında keçirilən prezident seçkilərində növbəti qələbəsindən sonra andiçmə mərasimində bu çağırışları da səsləndirdi ki, bu gün dünyada gedən prosesləri hər kəs görür. Bəşəriyyət faktiki olaraq Üçüncü Dünya müharibəsinə çox yaxındır. Təbii ki, müasir müharibələr əvvəlki müharibələrdən fərqlənir. İkinci Dünya müharibəsi ilə bugünkü müharibələri müqayisə etmək belə mümkün deyil. Bir çox ölkələr bu gün hərbi sahəyə diqqət yetirməyə başlamışlar. Azərbaycan isə bunu artıq 20 ildən çoxdur ki, edir və bu gün əldə edilmiş təcrübə, o cümlədən döyüş təcrübəsi əvəzolunmazdır. Bizim ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir: «Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq. Bu, bir daha onu deməyə əsas verir ki, ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi əsas vəzifədir. Bu gün onu da bildirməliyəm ki, bir çox ölkələr üçün bu, əsas vəzifə kimi artıq qəbul olunub, onların hərbi doktrinalarında, onların büdcə xərclərində və digər addımlarda da bunu əyani şəkildə görmək olur. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Ordumuz döyüş meydanında öz gücünü göstərib, Ordumuzda çox yüksək mənəvi ruh var, bizim peşəkarlığımız artır və biz Ermənistanı döyüş meydanında məğlub etmişik. Ona görə bu amil həmişə mövcud olacaq.»

44 günlük İkinci Qarabağ müharibəsindən sonrakı dövrə diqqət yetirsək görərik ki, şanlı Qələbəmiz heç də arxayınlıq yaratmır. Həm müdafiə gücümüzün artırılması, həm də informasiya mübarizəsində üstünlüyümüzü qorumaq üçün atılan addımların davamlılığı təmin edilir. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizin ilk günündən bu çağırışı etdi ki, Ermənistanda revanşist qüvvələrin olacağı aydındır. Bunun üçün hər zaman hazır olmalıyıq. Təbii ki, burada söhbət ordumuzun daha da möhkəmləndirilməsindən gedir. Bunun üçün tarixi Zəfərimizdən sonra ermənilərin törətdikləri hərbi təxribatların qaşısını almaq üçün Silahlı Qüvvələrimizin həyata keçirdikləri əməliyyatlara diqqət yetirmək kifayətdir. «İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Təbii ki, işğal dövründə ordu quruculuğu bizim üçün bir nömrəli vəzifə idi və Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq» söyləyən cənab İlham Əliyev bildirir ki, hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yeni döyüş birləşmələrinin, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir. Bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf etdirilir.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə ərazi bütövlüyümüzü və ədaləti bərpa etdi. Böyük qətiyyətlə və inamla səsləndirilən bu fikirlər Azərbaycanın diplomatik mübarizədə, eyni zamanda, döyüş meydanında qələbəsinin təqdimatıdır. Tarixi Zəfərimizə gedən yol, eyni zamanda, postmünaqişə dövrünün reallıqları daim təhlil edilir, Azərbaycanın ədaləti bərpa etməsi üçün bütün sahələrdə qazandığı uğurlar diqqətə çatdırılır. Azərbaycan daim ədalətin və beynəlxalq hüququn yanında olduğunu yalnız bəyanatlarında deyil, konkret addımlarında təsdiqləyir. Bu gerçəkliyi təkrar-təkrar qeyd etməyimiz səbəbsiz deyil. 30 ildə dünyanın ən nüfuzlu dövlətlərinin edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə etdi, BMT qətnamələrini təkbaşına icra edərək bir daha dünya gücdərinə sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var və onların düzgün dəyərləndirilməsi və tətbiqi üçün vahib mexanizm lazımdır. Dövlətimizn başçısı İlham Əliyev bu günlərdə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına məktubunda da bildirdi ki, “Sülh və barışıq axtarışı” mövzusu hazırkı reallıqlar, xüsusən də dünyada baş verən hərbi-siyasi kataklizmlər, silahlı münaqişələr və kəskin qarşıdurmalar fonunda xalqlar və dövlətlər qarşısında duran ən vacib məsələlərdən və strateji prioritetlərdən biridir. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Cənubi Qafqazda dayanıqlı sülh, davamlı sabitlik və etibarlı təhlükəsizlik üçün əlverişli şərait, eyni zamanda, daha geniş coğrafiyada yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm imkanlar yaratmışdır. Konstruktiv sülh gündəliyini təşviq edən Azərbaycan bu istiqamətdə əhəmiyyətli təklif və təşəbbüslər irəli sürür, daim prinsipial mövqedən çıxış edərək milli maraqlara uyğun və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan səmərəli fəaliyyət həyata keçirir. Silahlı münaqişələr insan itkisinə, sosial infrastrukturun dağılmasına, bir çox hallarda iqtisadi tənəzzülə və ciddi təhlükəsizlik problemlərinə səbəb olmaqla yanaşı, ətraf mühitə də onilliklər boyu davam edən böyük zərər yetirir.

Dünyanı Azərbaycana toplayan, eyni zamanda, dövlət başçısı İlham Əliyevin iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirdiyi COP29 çərçivəsində keçirilən tədbirlərdə, Liderlərin Sammitində də bu mühüm məqam xüsusi qeyd edildi ki, sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da sülhü yarada bilmərik. Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələr yüksək dəyərləndirildi.

Reallıq budur ki, Azərbaycanın dayanıqlı iqtisadi inkişafı bütün sahələrdə, o cümlədən müstəqilliyimizin və suverenliyimizin qarantı olan orduda mühüm tədbirlərin həyata keçirilməsini şərtləndirir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşması özündə mühüm məqamları ehtiva edir. Azərbaycan Ordusunun gücü, qüdrəti bir müddət öncə ABŞ-ın «U.S. News and World Report» nəşri tərəfindən təqdim olunan məlumatlarda da öz əksini tapmışdı. Siyahıda Azərbaycan Ordusu 29-cu yerdə qərarlaşmışdı. Nəşr Azərbaycan haqqında digər məlumatları da təqdim etmişdi. Qeyd olunmuşdu ki, Azərbaycan Qafqaz regionunda, Avropa və Asiya sərhədində yerləşən ölkədir. Coğrafi kəsişmədə yerləşən ölkə 1918-ci ildə, Birinci Dünya müharibəsindən sonra ilk dəfə, demokratik respublika olmazdan əvvəl bir çox imperiyaların hakimiyyəti altında olub. Ancaq müstəqil olduqdan cəmi iki il sonra SSRİ-nin tərkibinə daxil edilib. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan yenidən müstəqil respublika olub. Əhalinin əksəriyyəti etnik azərbaycanlılardır. Vətəndaşların əksəriyyəti müsəlman olsa da, Azərbaycan dini etiqad azadlığına zəmanət verən dünyəvi dövlətdir. Ölkə təbii ehtiyatlarla zəngindir və iqtisadiyyatı əsasən neft və digər enerji ixracına əsaslanır. Azərbaycan yüksək iqtisadi inkişaf və savadlılıq səviyyəsinə malik gəlirli ölkə hesab olunur.

Nizami Silahlı Qüvvələrinin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərdi. Ölkəmizdə keçirilən möhtəşəm hərbi paradlar, Beynəlxalq Müdafiə sərgiləri ordu quruculuğu istiqamətində aparılan islahatların hesabatı kimi dəyərləndirilir. İqtisadi inkişafı və müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən Ali Baş Komandan İlham Əliyevin bütün çıxışlarında hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayış etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha belə əminlik yaradırdı ki, biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Aparılan sülh danışıqları səmərə verməyəcəyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündə olduğunu qazandığı qələbələrdə təsdiqlədi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycan Ordusunun güclü, peşəkar ordu olduğunu nümayiş etdirmişdi.

Dövlətimizin başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında da hədəflərdən bəhs edərkən vurğuladı ki, əsas vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. İndi dünyada nəinki siyasətlə məşğul olanlar, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil. «Kim güclüdür, o da haqlıdır» prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər: «Bizim isə siyasətimiz, əslində, uzun illər ərzində bu istiqamətdə aparılırdı. İşğal dövründə, ilk növbədə, hərbi gücümüzün artırılması daim bizim əsas vəzifəmiz idi və hər il Milli Məclisdə dövlət büdcəmiz təsdiq olunanda artıq hər kəs görürdü ki, birinci xərclər hərbi xərclərdir. Bu gün də belə olmalıdır.»

Cənab İlham Əliyevin bu çağırışı özündə əsas məqamları açıqladı. Bunun təsdiqi olaraq qeyd edə bilərik ki, noyabrın 25-də 7-ci çağırış Milli Məclisin iclasında diqqət göstərilən əsas məsələlərdən biri gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsində hərbi potensialın gücləndirilməsi üçün vəsatin artırılması oldu. Belə ki, Azərbaycanın hərbi potensialının gücləndirilməsinə gələn ilin dövlət büdcəsindən 8,4 milyard manat ayrılacaq. Maliyyə naziri Samir Şərifov parlamentin iclasında bildirdi ki, dövlətimizin başçısının qarşımızda qoyduğu tapşırıqların icrasının təmini 2025-ci ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən əsas götürülüb. Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərinə söykənən 2022-2026-cı illərdə sosial- iqtisadi inkişaf strategiyasının məqsədlərinin reallaşması, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və onlara layiqli həyat şəraitinin yaradılması, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, müdafiənin və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, əhalinin etibarlı sosial təminatının gücləndirilməsi ümdə vəzifələr kimi qəbul edilir.

O da bildirildi ki, 2025-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsində təklif olunan 41 milyard 367,7 milyon manat həcmində dövlət büdcəsi xərclərinin üçdə ikisi və yaxud 27 milyard 691 milyon manatı məhz yuxarıda qeyd olunan prioritet istiqamətlərin maliyyələşdirilməsi üçün ayrılacaq. O cümlədən Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 4 milyon manat həcmində və yaxud dövlət büdcəsi xərclərinin 9,7 faizində vəsaitin ayrılması nəzərdə tutulur. İşğaldan azad olunmuş ərazilərdə bunun sayəsində müasir infrastruktur yaradılması, şəhər və kəndlərin yaşayış yerlərinin tikintisi ilə bağlı aparılan fasiləsiz işlərin davam etdirilməsi təmin olunacaq. Ölkəmizin hərbi potensialını gücləndirməsi, təhlükəsizliyin təmin edilməsi və ordu quruculuğunun daha da modernləşdirilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı xərclərinə 8,4 milyard manat məbləğində və yaxud dövlət büdcəsi xərclərinin 20,3 faiz həcmində vəsait yönəldiləcək. Bu da 2024-cü ilin proqnozuna nisbətən 1 milyard 270 milyon manat və yaxud 17,8 səkkiz faiz, 2023-cü ilin icra göstəricisi ilə müqayisədə 2 milyard 542 milyon manat və yaxud 43,4 faiz çoxdur.

Təbii ki, atılan bu kimi addımlar ordumuzun gücləndirilməsinə, qüdrətinin artırılmasına xidmət edir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, müasir, mütəşəkkil ordu yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Hələ Ümummilli Liderin hakimiyyətinin birinci dövründə Onun gərgin səyləri nəticəsində C.Naxçıvanski adına hərbi liseyin əsası yaradılmışdı. Azərbaycanın müstəqil gələcəyini düşənən Ümummilli Lider ordumuzun gənclərimizin sayəsində formalaşacağını önə çəkərək, belə bir məktəbin yaradılmasını zəruri hesab etmişdi. Ordumuzda xidmət edən zabitlərin əksəriyyətinin Ümummilli Liderin yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunların, hərbi hava və hərbi dənizçilik məktəblərinin məzunlarıdır. Son illərdə imkan və potensialı daha da artan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursant və şahinləri hər zaman döyüşə hazır olduqlarını keçirilən hərbi paradlarda nümayiş etdirirdilər. 

Hərbi hazırlığı, Vətənə bağlılığı ilə fərqlənən, beynəlxalq təhlükəsizliyin qorunmasında fəal iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının bölmələri, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının çevik hərəkət qüvvələri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları, Silahlı Qüvvələrin dəniz piyadaları da Ali Baş Komandanın əmrinə hazır olduqlarını, bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini bildirirdilər. Bu gün Zəfərimizin, suverenliyimizin tam bərpasının doğurduğu sevinci dövlətimizin başçısı İlham Əliyev Silahlı Qüvvələrimizin döyüş ruhunun daha da artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atdığı addımları ilə nümayiş etdirir.

Daim müdafiə qüdrətimizin artırılmasını Azərbaycan dövlətinin daxili məsələsi olduğunu önə çəkən cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə ordu quruculuğu prosesi uğurla gedir. Bu gün Azərbaycanda nizami ordu vardır. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti, ruh yüksəkliyi yüksək səviyyədədir. 44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirləri bunu bir daha təsdiqlədi.

Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində qarşıdakı dövrün hədəflərini açıqlayarkən bildirdi ki, təbii ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq: «Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.» Vurğulandı ki, ordu quruculuğu prosesi davam etdiriləcək. Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır.

Yeganə Əliyeva, «İki sahil»

Chosen
65
ikisahil.az

1Sources