EN

Yelisey Sarayı kəskin beynəlxalq ittihamlar qarşısında

Fransa hökuməti insan və vətəndaş haqları ilə bağlı dözülməz vəziyyəti aradan qaldırmalıdır

Son vaxtlarda müxtəlif meyarlar və dəyərləndirmə metodları əsas götürülməklə hazırlanan ayrı-ayrı beynəlxalq hesabatlarda Fransanın bir qayda olaraq mövqelərinin zəiflədiyini, mühüm pozisiyalar üzrə daha aşağı pillələrdə qərar tutduğunu müşahidə edirik. Bu, prezident Makronun apardığı diletant siyasətin nəticəsi olaraq ölkədə yaranan vəziyyətlə bağlıdır. Tarixi ənənələri olan Fransa bu gün acı reallıqlarla üz-üzə qalıb. Ölkənin beynəlxalq səviyyədə nüfuzu aşağı düşüb, müstəmləkə ərazilərinin sakinləri Yelisey Sarayının diktələrini qəbul etmir, “Rədd ol, Fransa!” şüarları səsləndirirlər. Həmçinin ölkə daxilində siyasi böhran yaşanır, hökumət problemlərin öhdəsindən gələ bilmədiyinə görə hakimiyyətə inamsızlıq artır. Ölkəni mitinqlər dalğası bürüyüb.

Bugünkü Fransanın ən böyük problemlərindən biri də insan və vətəndaş hüquqlarının təmin edilməməsi ilə bağlıdır. Belə görünür ki, Yelisey Sarayı Fransanın demokratik ənənələrindən geri dönməklə repressiv siyasətə üstünlük verir. Bugünlərdə BMT-nin İnsan Hüquqları Komitəsi Fransanın altıncı dövri hesabatını təhlil edərək insan hüquqları sahəsində bir sıra mühüm çatışmazlıqları və problemləri gündəmə gətirib və müxtəlif sahələrdə beynəlxalq öhdəliklərə əməl olunmasının vacibliyini vurğulayıb. Bu, xüsusilə öz müqəddəratını təyinetmə hüququnun tanınmaması, insan alveri ilə mübarizə adı altında qeyri-insani davranış, həbsxanaların vəziyyətinin standartlardan kənar olması, miqrantların hüquqlarının pozulması və ictimai işlərdə iştirak məsələsində diskriminasiya siyasətində özünü göstərir.

Miqrantlara münasibətdə hüquq normaları kobud şəkildə pozulur

BMT-nin müvafiq komitəsi Fransa-Britaniya sərhədində və Mayot bölgəsində miqrantların pis rəftara məruz qalması və hüquqi müdafiə imkanlarının məhdudlaşdırılması məsələlərini ciddi şəkildə tənqid edir. Son dövrlərdə miqrantların hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıran qanunvericilik dəyişiklikləri, xüsusilə 2024-cü il 26 yanvar tarixli qanunun miqrantların hüquqlarına mənfi təsir etdiyi vurğulanır. Komitə bu qanunun miqrantların hüquqlarının müdafiəsinin və azadlıqlarının məhdudlaşdırılmasına yönələn bir addım olduğunu qeyd edir. Bununla yanaşı, qanunla müəyyən edilən prosedurların mürəkkəbliyi və icrasının düzgün həyata keçirilməməsi də narahatlıq doğurur.

Miqrantların saxlanma şəraitinin yaxşılaşdırılması və onlara qarşı rəftarın humanist prinsiplərə uyğun olması vacib bir məsələ kimi qalır. Həmçinin miqrantların hüquqi statusunun müəyyənləşdirilməsində təxirəsalınmaz addımların atılması, onların hüquqi müdafiə imkanlarının genişləndirilməsi önəmlidir. Bu məsələlər Fransa hökumətinin insan hüquqlarına daha çox diqqət yetirməsi tələbini artırır.

Komitə bununla bağlı aşağıdakı tövsiyələri təqdim edir:

- Miqrantların həbsinin yalnız son çarə kimi tətbiq edilməsi və onların saxlanma şəraitinin humanist dəyərlərə uyğunlaşdırılması;

- Sığınacaq hüququ ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və prosedur təminatlarının artırılması, bu yolla miqrantların hüquqi müdafiə imkanlarının gücləndirilməsi;

- Mayotdakı xüsusi miqrasiya rejimlərinin beynəlxalq standartlara uyğun olaraq yenidən nəzərdən keçirilməsi və daha ədalətli bir sistemin qurulması.

Bu tövsiyələrdən göründüyü kimi, Fransada miqrantların hüquqlarının qorunmasına qeyri-qanuni münasibət vardır. Miqrantların hüquqlarını təmin etmək, həm də dövlətin humanitar və ədalətli siyasətinin əsasını təşkil etməlidir. Təəssüf ki, Fransa hökumətinin siyasətində bu məsələlər qəsdən gözardı edilir.

Kanak xalqının müstəqillik uğrunda son və qəti mübarizəsi

Kanak xalqı uzun illərdir ki, Fransanın müstəmləkəçilik siyasətindən ciddi əziyyət çəkir. Təxminən 250 min əhaliyə və 20 min kvadratkilometr əraziyə malik olan Yeni Kaledoniya adası Sakit Okeanda Avstraliya ilə Yeni Zelandiyanın arasında yerləşir. Hələ 3500 il əvvəl məskunlaşmış bu adanın sakinlərini “melazeniyalılar” adlandırırlar. Ada 1774-cü ildə məşhur ingilis səyyahı Ceyms Kuk tərəfindən kəşf olunub və Kaledoniya adlandırılıb.

Fransız missionerlərinin adaya ayaq açması XIX əsrin ortalarına təsadüf edir. Missionerlərin adaya gəlişi ilə yerli sakinlərin qara günləri başlayıb. 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. XIX əsrin sonuna qədər Fransa adanın yerli sakinlərini istismar etməklə yanaşı, qatı cinayət törətmiş məhkumlarını da bu adaya sürgün edirdi. XX əsrin əvvəllərindən başlayaraq Fransa adada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başlayıb. Ada qızıl, bürünc, xrom, nikel, dəmir və s. filiz ehtiyatları ilə zəngindir. Fransa digər müstəmləkələrində olduğu kimi, burada da təbii sərvətləri talayıb, yerli əhalidən isə ucuz işçi qüvvəsi kimi istifadə edib. Ada sakinləri ötən əsrin 80-ci illərindən etibarən Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etirazlara başlayıblar. Onların yeganə məqsədi Fransanın sərhəd tanımayan zülmündən birdəfəlik qurtulmaqdır.

Yelisey Sarayı Yeni Kaledoniyada bədnam “konstitusiya islahatları” proseduruna start verib. Bu “islahatlar” əslində aborogen sakinlərin hüquqlarının məhdudlaşdırlmasını özündə ehtiva edir, əvəzində isə gəlmələrə hətta seçki hüquqları verir. Xalq bu “islahatları” qəbul etmir və bir nəfər kimi ayağa qalxıb. Yeni “konstitusiya islahatları”na qarşı başlayan hərəkat azadlıq mübarizəsində yeni mərhələdir. Bu son mübarizədə yerli əhalidən qətiyyət və həmrəylik tələb olunur. Geri çəkilmək bütöv bir xalqın sonunu gətirə bilər.

Məlumdur ki, Azərbaycanın təklifləri əsasında yaradılan Bakı Təşəbbüs Qrupu (BTQ) digər müstəmləkə ölkələri kimi, Yeni Kaledoniyanın da azadlqı mübarizəsinə dəstək verir. Məhz BTQ-nun fəallığı sayəsində rəsmi Parisin Yeni Kaledoniyanı informasiya blokadasına almaq cəhdi iflasa uğrayıb. Yerli kanak xalqının harayı BTQ platforması üzərindən bütün dünyaya çatdırılır. Ancaq Yelisey Srayının nümayiş etdirdiyi mühafizəkarlığa qarşı beynəlxalq həmrəylik daha da gücləndirilməlidir.

Yelisey Sarayı yerli xalqların demokratiya və bərabərlik hüquqlarına məhəl qoymur

Yeni Kaledoniyada yerli kanak xalqının siyasi proseslərdə iştirak imkanlarının Fransa hökuməti tərəfindən məhdudlaşdırılması ciddi narahatlıq doğurur. Komitə qeyd edir ki, qanunvericilikdə yerli xalqın hüquqlarına təsir edən qərarlarda onların əvvəlcədən, sərbəst və məlumatlı şəkildə razılıq verməsi təmin edilməlidir. Bu məsələnin önəmi yerli xalqın öz müqəddəratını təyinetmə hüququnun qorunması və demokratiyanın prinsiplərinə uyğun olaraq hər bir şəxsin və toplumun özünə aid qərarlarda iştirakının təmin edilməsi ilə bağlıdır. Qanunvericiliyin bu yöndə inkişaf etdirilməsi, həmçinin yerli xalqların mədəni və sosial xüsusiyyətlərinin qorunmasına böyük təsir göstərəcəkdir.

Bu mövzuda komitə Fransa hökumətinin yerli xalqların hüquqlarını daha geniş şəkildə tanıyaraq onlara siyasi və sosial sahələrdə fəal iştirak imkanları yaratmasını tələb edir. Bütün bu məsələlər bir daha göstərir ki, Fransa dövləti yerli xalqların demokratiya və bərabərlik əsasında hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq öhdəliklərə məhəl qoymur.

Bununla bağlı komitə aşağıdakı tövsiyələri edir:

- Yerli xalqların qərar qəbuletmə proseslərinə daha fəal cəlb olunması, onların mövqelərinin nəzərə alınması və səslərinin eşidilməsi;

- Qanunvericilikdə onların hüquqlarını gücləndirəcək islahatların aparılması, xüsusən yerli xalqın özlərinə aid məsələlərdə daha çox qərarvermə hüququnun tanınması;

- Yerli xalqın mədəni və sosial maraqlarını qorumaq üçün regional səlahiyyətlərin artırılması, bu yolla onların öz kimliklərini qoruyub saxlama imkanlarının genişləndirilməsi.

Bu tövsiyələr Yeni Kaledoniyanın yerli xalqlarının demokratiya və hüquqlarını daha sağlam bir şəkildə inkişaf etdirməyə, onların ictimai-siyasi həyatda bərabərhüquqlu iştirakını təmin etməyə yönəldilmiş vacib addımlardır.

Hökumət qarşısında tələb qoyulur: Vətəndaş cəmiyyəti ilə əməkdaşlıq gücləndirilməlidir

Komitə Fransa hökumətini 2030-cu ilədək verilmiş tövsiyələr əsasında ətraflı hesabat təqdim etməyə və bu prosesdə vətəndaş cəmiyyəti ilə əməkdaşlığı gücləndirməyə çağırır. Növbəti müzakirələr isə 2032-ci ildə Cenevrədə baş tutacaq.

Bu tövsiyələrə əməl edərsə, Fransa insan hüquqları sahəsindəki problemlərini aradan qaldırar və beynəlxalq öhdəliklərinə daha səmərəli əməl etməsi üçün strateji istiqamətlər müəyyənləşdirər. Fransanın bu məsələlərlə bağlı göstərəcəyi iradə və atacağı addımlar dünya birliyinin diqqətində olacaq.

MÜBARİZ

1Sources