EN

Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan ərazisində Avropa İttifaqının mülki missiyasının Azərbaycanla delimitasiya olunacaq ərazidə fəaliyyət göstərməyəcəyi açıqlanıb. Belə bir yanaşmanının tətbiq edilməsi hansı məntiqlə izah olunur?

- Son günlər Azərbaycanla Ermənistan arasında ABŞ-ın vasitəçiliyi ilə "hava" xeyli mülayimləşib. Vaxtilə Avropa İttifaqının ölkəsində missiya həyata keçirməsini istəyən Ermənistanın Baş naziri Nikol Paşinyan idi. Azərbaycan tərəfi haqlı olaraq dəfələrlə bu missiyanın fəaliyyətinə etiraz edib. Bu amilin ümumi işə əngəl törətdiyi rəsmi Bakı tərəfindən bəyan olunub. Təxminən iki gün öncə Paşinyan açıqlamasında Azərbaycana yönəlmiş bir ifadə işlədib: "Sizin bu tələbinizi də yerinə yetirdik. Aİ-nin missiyası daha iki ölkənin işlərinə qarışmayacaq. Azərbaycanla Ermənistan özü birbaşa qarşıya çıxan məsələləri həll edəcək".

- Nikol Paşinyan sülh prosesində müəyyən müsbət irəliləyişlərin olduğunu açıqlayıb. İrəliləyişlər daha çox hansı istiqamətləri əhatə edir?

- Azərbaycan haqlı olaraq ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı vəsatət qaldırıb. Əgər Ermənistan da buna razı olsa, Minsk qrupu tarixə qovuşacaq. Eyni zamanda Ermənistanın əsassız olaraq beynəlxalq məhkəmələrdə Azərbaycanla bağlı qaldırdığı iddialardan imtina məsələsi var. Rəsmi Bakının bununla bağlı tələbi aydındır. Çünki erməni tərəfi iddia edirdi ki, guya Azərbaycan onun ərazisinə daxil ola və s. Bunun sübut edilməsi ilə bağlı Bakının tələbləri ortadadır.

- Sülh müstəvisində tərəflərin qarşılıqlı olaraq güzəşt anlayışı da gündəmə gəlir. Güzəşt dedikdə nələr nəzərdə tutulur?

- Burada güzəşt anlayışı daha çox anklavlarla bağlıdır. Azərbaycanın Ermənistan ərazisində 4 anklav kəndi var. Ermənistan isə Gədəbəyin Başkəndini özü üçün anklav hesab edir. Güzəşt məsələsi isə anklavlarların mübadiləsi anlayışını gündəmə gətirə bilər. Ermənilər iddia edir ki, Bakı Naxçıvanın Kərki kəndini güzəştə gedərsə, onlar da Başkəndə olan iddiadan imtina edəcəklər. Digər anklav kəndlərdən strateji əhəmiyyətli yollar keçdiyinə görə, burada rüsumların alınması məsələsi də mövcuddur. Həmin ərazilərdən keçən yolların Ermənistanda icarə əsasında qalması mümkün ola bilər.

- Tərəflərin sülh müqaviləsindən sonra qarşılıqlı prinsip əsasında beynəlxalq iddialardan imtina etməsi nə dərəcədə məntiqlidir?

- Azərbaycanın beynəlxalq məhkəmələrdə qaldırdığı iddialar Ermənistanın əsassız ittihamları qarşısında çox güclüdür. 30 il Azərbaycan ərazilərini talan edən Ermənistan buna hərbi müstəvidə cavab verdiyi kimi, beynəlxalq hüquq səviyyəsində də cavab verməlidir. Çünki 30 il Azərbaycan ərazilərinin 20 faizini çapıb-talayıb viran qoyan Ermənistan müharibə təzminatı ödəməyə borcludur.


Müəllif: Tapdıq Qurbanlı
Chosen
25
1
teleqraf.com

2Sources