EN

Azərbaycanın COP zəfəri

I MƏQALƏ

İqlim dəyişikliyi və bəşəriyyət

Yaxşı ki, iqlim dəyişərək xeyir gətirəndə və zərər verəndə də ölkələr arasında “ayrı-seçkilik” – hər birinə eyni dərəcədə təsir edir. Əgər iqlimin də “dövlət seçimi” olsaydı, bir sıra eqoist və daha güclülər onu “BMT TŞ”-nin daimi üzvlərinin iradəsindən asılı vəziyyətə salardılar. Əslində, COP29 göstərdi ki, böyük güclər iqlim kimi ümumbəşəri olayı belə qısqanırlar. Onu bu mənada özlərinə daha çox sərf edən, lakin faydalı olmayan şərtlər çərçivəsinə salıb siyasi və geosiyasi istismar etməyə cəhdlər göstərirlər.

Özlüyündə COP29 yalnız vurğulanan kontekstdə diqqətləri çəkmədi. Lakin, sözün həqiqi mənasında, tədbir ərəfəsi və gedişində eqoizmlə dünyəviliyin çarpışma meydanı oldu. Burada biz “eqoizm” dedikdə müasir politologiyada bəzi dövlətlərin öz identikliklərini eqoist maraqlar prizmasında müəyyən etdiklərini nəzərdə tuturuq. Bununla bağlı Qərbin tanınmış bir neçə politoloqu, sosioloqu, filosofu konkret fikir bildirmişlər. Aparılan təsnifatlarda belə də yazılır: “eqoist dövlət identikliyi”!

Vendt və Blum

A.Vendt eqoist identikliyi olan dövlətləri onların “başqası”na öz məqsədlərinə nail olmaq üçün “manipulyasiya obyekti kimi baxması” ilə müəyyən etmişdir.

U.Blum isə öz identikliyindən xarici siyasətində başqalarına təzyiq etmək və onları öz iradəsinə tabe etdirmək strategiyası ilə istifadə edən dövlətləri eqoist adlandırmışdır. Nümunə kimi ABŞ və Rusiyanı göstərmişdir. Bu kursun “messian millətçiliyinə” və ümumilikdə aqressivliyə gətirib çıxardığını vurğulamışdır.

Deməli, hansısa dövlətin və ya dövlətlər qrupunun uzun müddət identikliyində eqoizm üstünlük təşkil edirsə, onun (və ya onların) hər hansı bəşəri əhəmiyyəti olan məsələdə belə obyektiv, ədalətli və konstruktiv olacağını gözləmək əbəsdir. Xalq dili ilə desək, “xasiyyətləri buna imkan vermir”.

Geosiyasi-ideoloji reallıq və COP

Belə alınır ki, fəlsəfi, siyasi-nəzəri və geosiyasi təfəkkürlərində dövlət identikliyi ilə bağlı möhkəmlənmiş obrazları olan, lakin güclü sayılan dövlətlərin özləri üçün belə əhəmiyyətli məsələlərdə ədalətli və dünya üçün faydalı mövqe tutmaları ehtimalı çox azdır. Təcrübə göstərir ki, onları heç iqlim kimi taleyüklü problem belə saxlaya bilmir. Təbiətin bu prosesi ilə “oynayırlar”, özləri üçün müəyyən etdikləri oyunlar prizmasında dünya miqyasında iqlimə baxırlar. Təəccüblü, təəssüf doğuran və həyəcanlandıran situasiyadır.

Görünür, onlar üçün təsəvvür etmək istədikləri və dünyaya sırımağa çalışdıqları “geosiyasi və ideoloji reallıq” anlayışları əsas yerdə durmaqdadır – dünyanın, insanın, bəşər sivilizasiyasının taleyi onları az maraqlandırır! Bunu Fələstində və Ukraynada hərb meydanında əyani müşahidə etməkdəyik!

Lakin, şübhə etmirəm ki, XX əsrin sonlarından başlayaraq bu günə qədər bu mərhəmətsizliyi, şəfqətsizliyi, ədalətsizliyi və antihumanitarlığı azərbaycanlılar qədər öz üzərlərində hiss edən xalq olsun! Bəlkə də Afrikada Fransa müstəmləkəsindən daha çox əziyyət çəkirlər. Etirazımız yoxdur, lakin Avrasiyada bizim səviyyədə haqsızlıq, antiinsani münasibət görən ikinci toplumu tanımıram.

Uzun müddət Azərbaycan liderləri (Heydər Əliyev və İlham Əliyev) bununla mübarizə apardılar və qalib gəldilər. Azərbaycan xarici təcavüzün və daxili separatizmin başını əzdi. Zəfərə aparan yolun hər pilləsində məhz böyük dövlətlərin eqoist identikliyinin neqativ təsirlərini öz üzərində hiss etdi. Ancaq sınmadı, dayanmadı, türk qətiyyəti və əzmi ilə yüksək zəkasını harmoniya edərək Qalib oldu! Bütün sahələrdə –siyasətdə, geosiyasətdə, ideologiyada , sosial-mədəni inkişafda hərbi meydanda, enerjidə, əməkdaşlıqda, təhlükəsizlikdə, milli təhlükəsizlik arxitekturasının qurulmasında, sülh və barış ruhunda, inteqrasiyada, zəfərə nail oldu!

Bütün bunlar COP29-a qədər baş verənlərdir. Təsadüfən COP-u fərqləndirmirik. Bu hadisənin tarixi və siyasi ilə yanaşı, geosiyasi, milli, mənəvi, mədəni və strateji əhəmiyyətini tam mənimsəmə insanlar üçün bir qədər uzun zaman alacaqdır. Çünki COP müasir dövrdə elə strateji faktorlardandır ki, onun qlobal anlamını sürətlə dərk etmək çox çətindir.

Kənardan dinc tədbir təsiri bağışlayır, məzmunca indi dəbdə olan faktorlara aid edilmir, “adi iqlim məsələsidir” deyib keçənlər vardır. Ancaq bəşəriyyətin və bütövlükdə insanlığın mövcud ola bilməsi prizmasından baxanda iqlim dəyişikliyinə qarşı kollektiv sinerji yarada bilən COP-un ən aktual məsələlərdən olduğuna əmin olursan!

Bu anlamda COP faktiki olaraq dövlətlərin, xalqların, iqtidarların özlərinə, ölkələrə və təbiətə olan münasibətinin vicdan tərəfidir. Dünyanı necə görmək istəyirsənsə, özünü də elə görürsən, mənsub olduğun mədəniyyət və sivilizasiyaya elə münasibət göstərirsən.

COP29 ərəfəsi bir sıra dövlətlərin ümumbəşəri maraqları tamamilə unudub, Azərbaycanı ittiham etmələri bütün bunlara görə, böyük haqsızlıq və ədalətsizlik olmaqla yanaşı, özlərinə ciddi zərər verən manipulyativ olaydır. Məsələnin məhz bu tərəfinin daha geniş mənası olan başqa geosiyasi və ideoloji reallıqlarla sıx bağlantısı mövcuddur.

“Dəmir yumruq”dan “yaşıl yumruğ”a

Əsas məsələ Azərbaycanın təkbaşına Vətən müharibəsində böyük Qələbə əldə etməsinə olan münasibətlə bağlıdır. Bu hadisəyə özlərinin sırf eqoist dövlət identikliyi prizmasında baxan bir sıra böyük ölkələr bərpa olunası tarixi ədaləti, müstəqil dövlətin öz ərazi bütövlüyünü bərpa etməsini deyil, özlərindən qondardıqları faktorları qabartdılar. Aydın görünürdü: sürətlə inkişaf edən və müstəqil siyasət yeridən bir müsəlman dövlətinin uğurlarını həzm edə bilmirdilər.

Buna görə də intensiv olaraq qarayaxma, şər-böhtan kampaniyalarına başladılar. Haqqı-ədaləti necə tapdaladıqlarını müşahidə etmək insanlığın son damlasının gəldiyi təəssüratını yaradırdı. Azərbaycan hamısını boşa çıxardı. Siyasəti, diplomatiyası, öz torpaqlarında qurub-yaratmaq eşqi, praktiki quruculuq fəaliyyəti və proqramları ilə dost olmayanların qarşısını kəsdi.

Onda aydın oldu ki, Azərbaycanı sırf Qarabağ məsələsində dayandırmaq mümkün deyildir. Bədxahlar məsələyə daha geniş kontekstdə – bütövlükdə siyasi, diplomatik, geosiyasi, təhlükəsizlik və əməkdaşlığın bütün sferaları prizmasında baxmağa başladılar. Lakin burada da rəsmi Bakının çox səmərəli bir gedişi onlar üçün əngəl yaratdı.

Bu, Azərbaycan Prezidentinin qələbədən sonra başlayan postmüharibə mərhələsində tam sülh, barış, əməkdaşlıq və təhlükəsizlik siyasəti yeritməsi ilə bağlıdır. Müxtəlif tərəflərdən nə qədər təxribatçı təsirlər etməyə çalışsalar da, Azərbaycanı yenidən savaş meydanına təhrik etməyə cəhdlər göstərsələr də, ölkə rəhbərliyi qətiyyətlə sülh və əməkdaşlıq xəttini inkişaf etdirdi. Aydın oldu ki, Azərbaycan rəhbərliyi postmüharibə dövründə yalnız əməkdaşlığa, sülhə, təhlükəsizliyə xidmət edən kurs aparacaqdır.

Azərbaycanın xarici siyasətində postmüharibə dövrü üçün dəqiq və konkret sülh, əməkdaşlıq və təhlükəsizlik trekinin müəyyən edildiyi hər kəsə aydın oldu. Nəticədə eqoist dövləti maraqları olanlar daha geniş kontekstdə Azərbaycana qarşı ədalətsiz mövqe tutmağa üstünlük verdilər. Bunun əyani təsdiqi COP29-a onların münasibətidir.

Yeni mərhələ: Strateji kontekst

Belə alınır ki, Azərbaycan müstəqil dövlət kimi Vətən savaşından sonra real aspektdə inkişafının yeni mərhələsini başlamışdır. Bu mərhələnin başlıca özəlliyi quruculuq kursunu dövrün tələblərinə uyğun dinc şəraitdə, münaqişəsiz, müharibəsiz və qarşıdurmasız davam etdirməkdən ibarətdir. Şuşa Bəyannaməsi, Qarabağ Bəyannaməsi və həyata keçirilən yeni sosial, iqtisadi, enerji, informasiya, kommunikasiya təşəbbüsləri kompleks halda həmin kursun müxtəlif aspektlərini ifadə edirlər. Azərbaycan bu prosesləri Prezidentin müəyyən etdiyi yeni tarixi mərhələ çətiri altında aparır. Bu o deməkdir ki, söhbət düşünülmüş, planlaşdırılmış, elmi–nəzəri əsası dəqiq müəyyən edilmiş və strateji anlamı olan dövlət siyasətindən gedir. Azərbaycan Respublikası müstəqil dövlət olaraq, müəyyən etdiyi strateji inkişaf kursunu davamlı reallaşdırmaqda israrlıdır.

Bu, bütövlükdə dünya dövlətlərinin siyasi, geosiyasi və əməkdaşlıq kontekstlərində Azərbaycan münasibətlərinin məzmun, məqsəd və strategiyasını müəyyən edən faktordur. COP29-u bu cür geniş miqyasda Azərbaycanın müstəqil dövlət olaraq tutduğu yer, oynadığı rol və müəyyən etdiyi strateji məqsədlər prizmasında qiymətləndirmək adekvat ola bilər!

COP29-a daxildən baxış

Azərbaycan vətəndaşları və dövlət qurumları üçün COP29 tarixi hadisədir. İlk dəfədir ki, çox geniş miqyasda dövlət mühüm beynəlxalq tədbir keçirirdi. Aydındır ki, müstəqil Azərbaycan Respublikası çox sayda beynəlxalq əhəmiyyəti olan tədbirlərə ev sahibliyi etmişdir. Onları yüksək səviyyədə təşkil etmiş və səmərəli nəticələr almışdır. Qəbul edilən qərarlar regional və qlobal miqyaslarda öz müsbət təsirini göstərmişdir. Məsələn, Azərbaycan mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialqoun təşkili məsələsində kifayət qədər fəallıq göstərməkdədir. Bakı Qoşulmama Hərəkatı çərçivəsində beynəlxalq miqyasda ədalətin, humanitarlığın təmin edilməsində son dərəcə səmərəli addımlar atmaqdadır. Azərbaycanın BMT, MDB, TDT kimi təşkilatlarda aktiv fəaliyyəti, etdiyi təşəbbüslər göz qabağındadır.

Bunlarla yanaşı, COP-un siyasi, geosiyasi, hüquqi və strateji anlamı bir qədər fərqlidir. Hər şeydən öncə, iştirakçıların əhatə dairəsi çox genişdir. Bakıya 70-mindən (!) artıq nümayəndə gəlmişdi. Tədbirin təşkilatçılığı BMT səviyyəsində diqqətdə idi. COP, demək olar ki, bütün müstəqil dövlətləri əhatə etmişdir. Mövzusu bütövlükdə bəşəriyyət üçün vacib olan məsələ ilə bağlıdır. Bu mövzu ətrafında dünyanın ən güclü dövlətləri belə mübahisə və müzakirə aparırlar. Hətta, D.Trampla demokratlar həmin məsələ ilə əlaqədar ciddi fikir ayrılığına getdilər.

Bütün bunlar COP-u status və funksiya cəhətdən bütün digər beynəlxalq tədbirlərdən fərqləndirir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Chosen
10
xalqqazeti.az

1Sources