EN

Avropa Netanyahu “həbs ediləcək” deyir, ABŞ isə hədələyir...

Qərb yəhudi baş nazirlə bağlı Haaqa məhkəməsinin çıxardığı həbs orderi barədə dilemma qarşısındadır - təhlil

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrail baş naziri Benyamin Netanyahu və ölkənin sabiq müdafiə naziri Qalant haqda həbs orderləri verməsi kollektiv Qərbdə sözün əsl mənasında ikitirəlik yaradıb.
 
Əgər ABŞ bu qərarı ən yüksək səviyyədə biabırçılıq adlandırıbsa, nə qədər qəribə də olsa, Vaşinqtonun Avropa müttəfiqləri - Böyük Britaniya, Fransa, Niderland, İsveçrə, habelə Kanada onu məmnunluqla qarşılayıb və İsrail baş naziri həmin ölkələrin ərazisinə ayaq basarsa, dərhal həbs olunacağı bildirilib. Avropa Birliyi diplomatiyasının rəhbəri Jozep Borrel Livanın paytaxtı Beyruta səfəri çərçivəsində həm İsrail hökumətinə, həm də "Hizbullah" hərəkatına atəşkəs təklifini qəbul etmələri üçün təzyiq göstərməyə çağırıb. Amerikalı senator Lindsi Qrehem isə BCM-nin Netanyahunun həbsinə dair qərarına görə Avropa və Kanadanı sanksiyalarla hədələyib. Bu barədə o, “Foks Nyus”a açıqlamasında deyib. “ABŞ-ın istənilən müttəfiqi - Kanada, Böyük Britaniya, Almaniya, Fransa Beynəlxalq Cinayət Məhkəməsinə kömək etməyə çalışsa, ona qarşı sanksiyalar tətbiq edəcəyik. ABŞ BCM-ə kömək etmək qərarına gələn ölkələrin iqtisadiyyatlarını əzməlidir”, - Qrehem bildirib. Bəs Qərbdə BCM-in qərarına belə ikili münasibət nə ilə bağlıdır?
 
 
“Bütün məqsədlərimizə çatana qədər təzyiqlərə boyun əyməyəcəyik və geri addım atmayacağıq”. Netanyahunun ofisi Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarını şərh edərkən bildirib. Qeyd edək ki, ABŞ Rusiya, Türkiyə və Azərbaycan kimi BCM-in üzvü deyil, lakin Vaşinqton vaxtilə məhkəmənin Putin haqda analoji həbs orderini alqışlamışdı. Bu da maraqlıdır ki, bu il qonşu Ermənistan Roma Statutunu təsdiqləməklə BCM-ə qoşulan növbəti ölkə olub. Bəs Paşinyan hökuməti bununla hansı məqsəd güdür, planı nədir? Azərbaycana hansısa pislik eləmək, yoxsa? “İsrail baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən verilən qərarın Yaxın Şərq nizamlanmasına hər hansı müsbət töhfə vermək ehtimalı çox azdır”. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “Rusiya üçün bu cür qərarların heç bir hüquqi qüvvəsi yoxdur. Biz bunu hər hansı şəkildə şərh etməyə ehtiyac görmürük, çünki bu qərarlar bizim üçün heç bir hüquqi dəyərə malik deyil”, - Peskov bildirib. “Moskva İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) legitimliyini tanımır”. Bunu isə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev də Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına müsahibəsində deyib. “Rusiya Beynəlxalq Cinayət Məhkəməsini tanımır və onu qeyri-legitim hesab edir”, - Medvedyev qeyd edib.
 
“Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri və keçmiş müdafiə nazirinin həbsinə order verməsi İsrail rejiminin siyasi ölümündən xəbər verir”. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami deyib. “İsrail rejiminin hakimiyyət orqanlarının həbsinə dair qərar bu rejimin siyasi ölümünə işarədir. Dünya bu cinayətkar rejimin üzünə qapılarını bağladı”, - deyə Salami bildirib.
 
 
Qabil Hüseynli
 
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ İsrailin bir nömrəli müttəfiqidir və Baydenin mövqeyi təəccüb doğurmamalıdır. Tramp administrasiyasının bundan da yüksək səviyyədə Netanyahunu müdafiə edəcəyini gözləyən Q.Hüseynli hesab edir ki, ABŞ yəhudi baş nazirin həbsini alqışlaya bilməz: “Amerikadakı yəhudi komitəsinin təsiri böyükdür, yevangelistlər Trampı hər zaman dəstəkləyiblər, Bayden hakimiyyəti də bundan kənara çıxmazdı. Çünki ABŞ və İsrail arasın da hərbi-siyasi müttəfiqlik mövcuddur. İndi Vaşinqton öz müttəfiqi haqda həbs qərarını necə dəstəkləsin? Hətta gözləyirəm ki, Tramp Yaxın Şərqdə vəziyyəti daha da ağırlaşdıracaq və Netanyahunun əl-qolunu genişləndirəcək”.
 
Qərb dövlətlərinin qərarına gəlincə, professorun fikrincə, onlar ABŞ qədər İsrailə yaxın deyillər: “Üstəlik, burada Netanyahu haqda orderdən söhbət gedir. Yəni Britaniya, Kanada İsrail dövləti ilə münasibətləri korlamırlar. Sadəcə, Qəzzadakı dinc əhalinin öldürülməsini pisləyirlər və Netanyahunu müharibə canisi sayırlar. Çünki Avropa Birliyi və Qərb dövlətləri dəfələrlə çağırışlar səsləndiriblər ki, İsrail hərbi əməliyyatlar zamanı mülki əhalini nəzərə almalıdır. Amma Netanyahu sərhəd tanımadan qaçqın düşərgələrini, çadırları, məktəbləri bombaladır, mülki əhalinin olduğu yerlərə zərbələr endirilir. HƏMAS üzvündən daha çox dinc fələstinli həlak olub. Onların da çoxu uşaq və qadındır. Buna da təbii ki, etiraz olmalıdır. Hətta BMT sülhməramlılarını belə yaralayıblar. İsrail ordusu bütün əndazəni aşdığı üçün bu qərar qəbul edilib. Ancaq düşünürəm ki, həbs orderi, yaxud qınayan bəyanatlar yetərli deyil, Netanyahunu dayandırmaq üçün addımlar atıla bilər”.
 
Ötən ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlayandan indiyədək İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında 44 min 200-dən çox fələstinli həlak olub. Fələstinin Səhiyyə Nazirliyinin məlumatında bildirib. İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 2023-cü ilin oktyabrından bugünədək 44 211 nəfərə yüksəlib, 104 567 nəfər yaralanıb. Livanın Səhiyyə Nazirliyi isə bəyan edib ki, 8 oktyabr 2023-cü ildən bu yana baş verən hücumlar nəticəsində həlak olanların sayı 3754 nəfərə çatıb.
Chosen
16
1
moderator.az

10Sources