EN

"Çalışırlar ki, bizi psixoloji cəhətdən sındırsınlar" - MÜNASİBƏT BİLDİRİLDİ

"COP29-la bağlı hələ tədbir başlamamış artıq Qərb institutları, dövlət rəhbərləri, nümayəndələr Azərbaycana qarşı qarayaxma kampaniyalarını tətbiq etməklə çalışırdılar ki, bu prosesin qarşısını alsınlar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, cəmiyyətdə fikirləri parçalamağa istəklər nümayiş etdirirdilər: "Digər tərəfdən bilirdilər ki, iqlim dəyişiklikləri kontekstində söhbət ancaq atmosferə buraxılan zəhərli qaz və digər tullantılarla bağlıdır, bu sahədə də birinci sırada məhz Qərb ölkələridir. Onlar anlayırdılar ki, törətdikləri bu dağıdıcı siyasətə görə cavab verməli, məsuliyyət daşımalı, digər tərəfdən də maliyyə dəstəklərini əsirgəməməlidirlər.

Azərbaycan həmişə belə tədbirlərə ev sahibliyi etməzdən əvvəl ona qarşı hücumlar başlayır. Çalışırlar ki, bizi psixoloji cəhətdən sındırsınlar. Elə fikirlər təlqin edirlər ki, guya, Azərbaycan demokratiyadan uzaq məmləkətdir və burada belə tədbirlərin keçirilməsi məqsədəuyğun deyil. Bunlar cəfəng fikirlərdir. Özləri də anlayırlar ki, əgər demokratik normaların pozulmasından söhbət gedirsə, Qərb gərək danışmasın. Onlar bu proseslərin hamısında birinciliyi əldə saxlayırlar. Özlərində insanlara qarşı təqiblər tətbiq olunur, dini, milli zəmində Qərb ölkələrində problemlər çox dərindir. Ona görə də onlar süni bəhanələri Azərbaycanın adına yazmaqla çalışırlar ki, özlərini üstün göstərsinlər. Elə fikirlər formalaşdırırlar ki, guya, demokratiyanın açarı, sirri onlardadır. Əslində belə deyil. Çünki hər ölkənin demokratik yolu var. Ümumiyyətlə, demokratiya məqsəd deyil, vasitədir.

Bizim müəyyən edilmiş yolumuz var. Hələ Ulu Öndər Heydər Əliyev deyirdi ki, məqsədimiz hüququ dövlət yaratmaqdır. Hüquqi dövlət o dövlətdir ki, orada həmişə proseslər qanunlarla tənzimlənir".

Onun sözlərinə görə, COP29-a gəldikdə isə onlar çalışırdılar ki, fikirlərin hamısını parçalasınlar: "Digər tərəfdən insanlara düşünməyə və məqsədyönlü fəaliyyət göstərməyə maneəçilik törətməyə çalışırdılar. Ən yaxşı halda onlar buna nail oldular ki, 3-4 ölkə gəlmədi. 200 ölkənin 196-sı Azərbaycana gəldi. Azərbaycanda çox işgüzar atmosfer formalaşmışdı. Bu proseslərin hamısından iştirakçılar məmnunluq duyurdular. Çünki Bakı sammitində böyük irəliləyişlər əldə olundu. Söhbət trilyonlardan gedir, amma biz bilirik ki, böyük valyuta ehtiyatları olan ölkələr əllərini ciblərinə salmağa tələsmirlər. Çalışırlar ki, yükün ağırlığını inkişafda olan ölkələrin üzərinə atsınlar. Nahaq yerə Bakı sammitində Prezident İlham Əliyevin təşəbbüsü ilə dənizaşırı ada dövlətlərinin də sammiti keçirilmədi. Prezident orada həmin ölkələrin adını çəkdi. Hətta onlar öz ölkəsinin paytaxtlarını, prezidentlərini tanımırlar. Bakı sammiti bir neçə göstəricisi ilə artıq tarixə tutarlı imzalar atdı. Bir tərəfdən biz maliyyə yığımında irəliləyiş əldə edə bildik. Birinci gün altıncı bəndlə bağlı müzakirələrə başladı və məhsuldarlıq nümayiş edildi. Bu, kiçik məbləğ deyil. Dünya birliyi bundan da artıq büdcəyə maraqlıdır. Söhbət ən azı 1 trilyon 300 milyarddan gedir. Çalışacaqlar ki, hamının üzərinə məsuliyyət atsınlar.

Karbon qazlarının Xəzərə buraxılmasına qaldıqda isə burada yeni mexanizm quruldu. Mexanizm ondan ibarətdir ki, Azərbaycana 500 milyard metr³ veriləcək. Amma Azərbaycan bunun 300-nü istifadə edəcək. Qalan hissəsini Azərbaycan başqa ölkəyə sata bilir. Bu o deməkdir ki, bizdə qalıq varsa, onu qəbul olunmuş qaydada bunu istəyən ölkələrə verə bilərik. Qiymət də bazar münasibətlərinə əsaslanan dəyərdə olacaq. Prosesin gedişində gördük ki, atmosfer son dərəcə sağlamdır, gələn qonaqların da fikri bu idi ki, Azərbaycan yüksək səviyyədə hazırlanmışdı. Siyasi cəhətdən isə Prezident İlham Əliyevin çıxışları onluğa dəydi. Bildirdi ki, sabotajla məşğul olan ölkələrin hücumları təkcə Azərbaycana qarşı deyil. Bu tədbir BMT-nin tədbiridir. Bu, həm də beynəlxalq birliyə qarşı etinasız göstəricidir. Biz burada Qoşulmama Hərəkatının da faydalarını gördük. Dənizaşırı ada dövlətlərinin də səsləri dünya qarşısında eşidildi".

Müəllif: Söylü Ağazadə
Chosen
24
sia.az

1Sources